AZ EN RU

Naxçıvan Muxtar Respublikasında Dövlət qulluğuna daha yüksək ixtisaslı, peşəkar mütəxəssislər cəlb olunacaq

    Tədbirdən sonra Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova “Şərq qapısı” qəzetinə müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik: “Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafa yönəlmiş və strategiyada da təsdiq olunmuş islahatlara başlanılıb. Bu islahatların bir hissəsi də dövlət qulluğu sahəsində aparılır. Bildiyiniz kimi, Naxçıvan Dövlət İmtahan Mərkəzi ləğv edilib. Naxçıvan Muxtar Respublikasında da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcəkdir. Bu sahədə görüləcək işlər çərçivəsində ilk addım ondan ibarətdir ki, bu gün Naxçıvandakı dövlət orqanlarının müvafiq struktur qurumları ilə görüşlər keçirilsin, təqdimatlar aparılsın. Məqsəd hansı tədbirlərin həyata keçirilməli, hansı addımlar atılmalı olduğunu müəyyən edib, qısa müddət ərzində bu qəbulun Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsini təmin etməkdir. Bunun nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna daha yüksəkixtisaslı, peşəkar mütəxəssislər cəlb olunacaq. 
    Bildiyiniz kimi, dövlət qulluğuna qəbul üçün dünya trendləri müəyyən olunub. Dövlət İmtahan Mərkəzi (DİM) bu sahədə işlər aparır. Azərbaycan Respublikasında dövlət qulluğuna qəbul islahatlar dönəmindədir. Hazırda səriştə modelinə keçid həyata keçirilir. Bunun üçün DİM böyük tədbirlər həyata keçirir. Artıq Naxçıvanda dövlət qulluğuna qəbul da bu prosesin tərkib hissəsi olacaq. DİM üçün növbəti mərhələ isə Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçularının təlim ehtiyaclarını öyrənməkdir. Gələn aylarda da bu təlimlərin aparılması nəzərdə tutulur. Bu həm də Azərbaycan Respublikasının digər bölgələrində də yaşayan vətəndaşların Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna cəlb olunmasına gətirib çıxaracaq və Naxçıvana müsbət hal kimi təsir edəcəkdir. “Dövlət qulluğu haqqında Qanun”a müvafiq olaraq ayda bir dəfə Bakı şəhərində sertifikat imtahanları keçirilir. İnteqrasiya mümkün olduqdan sonra həmin imtahanların Naxçıvan şəhərində də keçirilməsi nəzərdə tutulur. Həmin sertifikat Naxçıvanda olan şəxslərin Azərbaycan Respublikasının digər dövlət orqanlarına da müraciət etməsinin mümkünlüyünə şərait yaradacaq. Bu proses ikitərəflidir, həm Naxçıvan Muxtar Respublikası digər bölgələrdə yaşayan mütəxəssisləri cəlb edə biləcək, həm də muxtar respublikadakı mütəxəssislər digər regionlarda yerləşən dövlət orqanlarında işləmək imkanı əldə edəcəklər. Bütün imtahan və müsahibə mərhələsi Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək. Mütəxəssislər elektron qaydada müraciət etdikdən sonra onlayn müsahibə mərhələsində iştirak edəcəklər. Beləliklə, mütəxəssislərin imkanları təkcə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşmamış olacaq”.

Gülcamal TAHİROVA

Nəşr edilib : 09.08.2023 16:41