AZ EN RU

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibə verib

    “Şərq qapısı” qəzeti müsahibəni təqdim edir: – Bu gün muxtar respublikada ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və bir sıra böyük infrastruktur layihələri icra olunacaq. 
    Bu ili, ümumilikdə, müsbət dəyərləndirirəm. Həyata keçirilən islahatlar nəticəsində Naxçıvanda həm iş adamları, həm ümumi əhali üçün rahat, sərbəst bir mühit formalaşdırılıb. İnsanlar hər bir sahədə sərbəst düşünə, sərbəst hərəkət edə bilirlər. Mən keçən illərin təhlilini aparmaq fikrində deyiləm. Amma, ümumilikdə, bütün qərarlar artıq kollegial əsaslarla qəbul olunur. Naxçıvan şəhəri və ümumilikdə, Naxçıvan Muxtar Respublikası 2023-cü ildə 40-dan çox tədbirə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına uyğun olaraq həm də bu istiqamətdə tədbirlər keçirildi. 
    Bu il Naxçıvan həm də çox maraqlı, olduqca əhəmiyyətli bir görüşə ev sahibliyi etdi. Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti ilə Türkiyə Cümhuriyyəti Prezidentinin görüşü keçirildi, eləcə də ayrı-ayrı nazirlərin iştirakı ilə hökumətlərarası görüşlər oldu. Bu da hər iki dövlətin gələcək perspektivlərini müəyyənləşdirmək naminə növbəti bir mərhələnin başlanğıcı kimi çox əhəmiyyətli idi. Ümumilikdə, 2023-cü il təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, Azərbaycan Respublikası üçün kifayət qədər yaddaqalan, şanlı bir tarix oldu. Çünki biz bu il Azərbaycan Respublikasının bütün ərazilərində öz suverenliyimizi bərpa etmişik. Haqlı olaraq qürurla, fəxrlə bunu həmişə yadda saxlamalıyıq. 
    Cənab Prezident Naxçıvan Muxtar Respublikasında səfərdə olarkən belə bir fikir səsləndirmişdi: “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var”. Buna uyğun olaraq da Naxçıvanın “yaşıl enerji” sahəsində aparıcı qüvvə olması hədəflənir. Naxçıvanda günəşli günlərin sayı olduqca yüksəkdir, ərazilərimizdə külək resursları var. Ümumilikdə, “yaşıl enerji”yə keçidlə bağlı layihələr artıq işlənilib. Aparıcı şirkətlərlə ilkin memorandumlar bağlanılıb. Hazırda layihələrin icrası ilə bağlı işçi layihələr hazırlanır. 2024-cü ilin ikinci yarısında bu layihələrin icrasının şahidi olacağıq. 
    Yeni illə bağlı hər birinizə uğurlar, səadət arzulayıram. Fəaliyyətinizdə, ailənizdə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 25.12.2023 16:30