AZ EN RU

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli: “Əminik ki, Azərbaycanın gələcəyi daimidir, müstəqilliyi dönməzdir, əbədidir”

    Naxçıvanda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasının sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibə verib. Səlahiyyətli nümayəndə deyib: 
    – Hər birinizi bugünkü şanlı gün münasibətilə təbrik edirəm. Biz 30 ildən çox müddətdə məşəqqətli dövr yaşamışıq və bu günün həsrətini intizarla gözləmişik. Xalqımız həmişə Ulu Öndər Heydər Əliyevin irsinə sadiq olub və bu irsin qələbə gətirəcəyinə inanıb. Ulu Öndərin ardıcıllarından biri kimi biz də bu gün Azərbaycanın gələcəyi ilə bağlı addımlar atmalıyıq. Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin Xankəndidə ucaltdığı bayraqda Azərbaycanın gələcəyinin daimi, müstəqilliyinin dönməz, əbədi olduğunu bütün dünyaya göstərdi. Bugünkü aksiyada biz Naxçıvanda Azərbaycanın gələcəyinə yönəlik addım atırıq. Biz ekologiyamızda mövcud olan, son dövrlərdə yaşanan ağrılı, qeyri-mütərəqqi addımları görürdük və ərazinin erroziyaya uğramasının qarşısını almaq üçün yaşıllaşdırma aksiyasına başladıq. Aksiyanı həyata keçirməzdən öncə torpaqların analizi götürüldü və uyğun bitkilər seçildi. Bu gün artıq gənclərimizlə bərabər, Naxçıvan Muxtar Respublikasının əhalisi ilə birlikdə bu aksiyanı həyata keçiririk. İnanırıq ki, gələcək iqlim dəyişiklikləri ilə mübarizədə bu aksiyanın da müəyyən rolu olacaq. Bu proses davamedici olmalıdır və bütün respublika ərazisində tətbiq olunmalıdır. 
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi gənclərin ölkənin və muxtar respublikanın ictimai-siyasi həyatındakı, firavan gələcəyindəki rolundan da bəhs edib:  
    – Gənclərdən aldığımız enerji, onların sabaha inamı bizi daha inamla, daha ümidlə çalışmağa sövq edir. Azərbaycan gənclərini qarşıda daha işıqlı sabahlar gözləyir. Çünki Qarabağ problemi artıq geridə qalıb. Bizim gənclərimizi mütərəqqi düşünməyə vadar edəcək bir dönəm başlayır. Quruculuq prosesi başlayır. Gənclərimizdəki inam, onların bilik və bacarıqları, əlbəttə ki, təqdirəlayiqdir. Mən Azərbaycan gənclərinin gələcəyinə inanıram. 
    Dövlət başçımızın sosial siyasətinin prioriteti olan şəhid ailələrinə və qazilərə dövlət qayğısının muxtar respublikada da diqqətdə saxlanıldığını bildirən səlahiyyətli nümayəndə deyib: 
    – Muxtar respublikamızda şəhid ailələri və qazilərlə görüşlər mütəmadi xarakter daşıyır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun yaradıldığı ilk gündən şəhid ailələri və qazilər əhalinin qayğı ilə əhatə olunmuş təbəqəsi arasındadır. Yaranan reallıq bizi sövq edir ki, onlara daha yaxından xidmət edək. Onlarla görüşlərimizdə hər dəfə onların problemləri, bizim qarşımızda qoyduqları çağırışlar hər bir dövlət məmuru tərəfindən prioritet məsələ kimi qəbul edilməlidir. Muxtar respublikamızda bu qəbildən olan insanlara hərtərəfli dövlət qayğısı davamlı xarakter alacaq. 
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi  Fuad Nəcəfli müsahibənin sonunda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın olduqca şanlı bir dövr yaşadığını və bu dövrə şahidliyin indiki nəslə qismət olmasının qürurvericiliyindən danışıb: 
    – Qarabağ konflikti başlayan vaxt biz çoxumuz gənc idik və yaxud da uşaqlıq dövrünü yaşayırdıq. İstər-istəməz insanlarda ümidsizlik, sabaha inamsızlıq baş qaldırırdı. Əlbəttə ki, 1993-cü ildə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonrakı dövrə xalqın inamı bizim gəncliyimizi də, o dövrün uşaqlarını da daha mütərəqqi, daha inamlı düşünməyə vadar etmişdi. Amma ona qədərki dövr, həqiqətən, ağrı-acılı idi. Biz olduqca ağır bir dönəm yaşamışdıq. Biz Xocalı faciəsini yaşadıq. Biz Qarabağda erməni zülmkarlarının beynəlxalq hüquqa sığmayan hərəkətlərinin şahidi olmuşduq. Bütün bunlar bizim hafizələrimizdə, qan yaddaşımızda daim yaşayacaqdır. Biz heç bir zaman müharibəni, onun yaratdığı fəsadı, faciələri istəmirik. Biz bunları hər zaman özümüzdən uzaq tutmağa çalışacağıq. Ən son gücümüzədək sülhün olması üçün çalışacağıq. Əlbəttə ki, biz bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyinin açıq şahidi olmuşduq ki, əgər lazım olarsa, biz bu problemi hərbi yolla da həll edəcəyik. Həmişə buna hazırlaşmaq lazımdır. Ancaq Azərbaycan sülhsevər dövlətdir. 30 ildir, bizim ümidsiz sülh danışıqlarına getməyimiz göstərib ki, biz sülhün əldə olunmasına hazırıq. Lakin bilirsiniz, Ermənistandakı yeni siyasi hakimiyyətin yeni iddiaları, yeni müharibə, yeni torpaqlar iddiası, Qarabağın onlara aid olması ilə bağlı sərsəm iddialar Azərbaycanı müharibəyə məcbur etdi. Ancaq hər şey geridə qalıb, quruculuq başlayıb. Hər kəs bu quruculuqda yaxından iştirak etməlidir. 
    Zəfər bayramınız mübarək olsun!

Bülbül Quliyeva

Nəşr edilib : 08.11.2023 16:53