AZ EN RU

Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə aparılan arxeoloji qazıntıların yekunları təqdim olunub

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikada fəaliyyət göstərən beynəlxalq və yerli ekspedisiyaların 2023-cü il üzrə yekunları ilə bağlı hesabat iclası keçirilib.

İclasda Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev muxtar respublikada cari ilin yay mövsümündə fəaliyyət göstərən arxeoloji ekspedisiyaların apardığı tədqiqatlardan söz açıb. Bildirib ki, beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Sədərək rayonu ərazisində Sədərək yaşayış yerində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və ABŞ-ın Pensilvaniya Universitetinin müəllimi, dosent Lauren Ristvetin rəhbərliyi ilə tədqiqat aparıb. Bundan əlavə, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Tumbultəpə yaşayış yerində, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə II Plovdağ yaşayış yerində, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun rəhbərliyi ilə Meydantəpə yaşayış yerində 3 yerli arxeoloji ekspedisiya fəaliyyət göstərin. Ekspedisiyaların fəaliyyətini yüksək qiymətləndirən bölmə sədri aparılan arxeoloji tədqiqatların Naxçıvanın qədim dövr tarixinin öyrənilməsinə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Azərbaycan-ABŞ və Tumbultəpə arxeoloji ekspedisiyalarının yekunlarını təqdim edib.

Əvvəlcə Sədərək yaşayış yerində aparılan araşdırmaların yekunlarından bəhs edən alim abidənin strukturu, qazıntılar zamanı Orta Eneolit dövrünə aid keramika nümunələrinin, məişət əşyalarının aşkar olunduğu barədə məlumat verib. Diqqətə çatdırılıb ki, araşdırmalar 100 kvadratmetr sahədə aparılıb. İndiyədək Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqazda aşkar olunan arxeoloji abidələrin skiflərə, yaxud urartulara aid edildiyinə diqqət çəkən Vəli Baxşəliyev bildirib ki, aparılan araşdırmalar sözügedən bir çox maddi mədəniyyət nümunələrinin Manna dövlətinə məxsus olduğunu təsdiq edir. Sədərək Kültəpəsində aparılan araşdırmalar zamanı aşkar edilən, şəhərlər üçün xarakterik olan üç sıra daş döşəməli küçələr də bunun bir nümunəsidir.

Tumbultəpə yaşayış yerində aparılan araşdırmaların yekunlarından, abidənin yerləşmə yeri barədə ətraflı məlumat verən alim bildirib ki, bu yaşayış yerindən mövsümi olaraq istifadə edilib. Çiy kərpiclə hörülən evlərin aşağı qatlarında qazma üsulu tətbiq olunub, abidədən məişət və bəzək əşyaları, obsidianlar və az sayda heyvan sümükləri aşkar edilib. Buradan aşkarlanan keramika nümunələrini 3 qrupda xarakterizə edən professor bildirib ki, tədqiqat zamanı Son Eneolit dövrü insanlarının dördkünc formalı evlərdə yaşadığı müəyyən edilib. Eneolit dövrünün son mərhələsinə aid maddi mədəniyyət nümunələri indiyədək muxtar respublikada Ovçulartəpəsi, Yeni yol, Şorsu, Zirincli, Sərinbulaq kimi yaşayış yerlərindən və digər abidələrdən məlumdur. Ovçulartəpə mədəniyyətinin son mərhələsinə aid olan bu tapıntılar həmin mədəniyyətin geniş bir coğrafiyada yayıldığını göstərir. Tumbultəpə yaşayış yerinin tapıntıları isə bu mədəniyyətin lokal xarakter daşımadığını bir daha təsdiq edir.

Yığıncağa onlayn qatılan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli rəhbərlik etdiyi Xarab Gilan arxeoloji ekspedisiyasının II Plovdağ yaşayış yerində apardığı tədqiqatların yekunları barədə məlumat verib.

Alim abidənin coğrafi mövqeyi, strukturu və əsas fərqləndirici cəhətlərindən bəhs edib. Vurğulanıb ki, burada aşkar olunan qəbir abidələri və yaşayış yerləri daşla inşa olunub. Orta Tunc dövrünə aid dairəvi formalı evlərin interyerində nəzərə çarpan dəyişiklikləri diqqətə çatdıran arxeoloq bildirib ki, bəzi yerlərdə Orta Tunc dövrünün evləri inşa olunarkən İlk Tunc dövrü evlərinin daşlarından istifadə olunub. Erkən Tunc dövrünün daşla işlənmiş irihəcmli fərdi yaşayış evləri bir-birinə bitişik deyil, müəyyən intervalla eyni horizontda yerləşib. Orta Tunc dövründən başlayaraq evlərin içərisində daşla dairəvi formada işlənən, ərzaq saxlamaq üçün xüsusi yerlər – anbarlar meydana gəlib. Bu qədim ənənə Naxçıvan ərazisində müəyyən dəyişiklərlə sonrakı bütün dövrlərdə də davam edib. Bəhlul İbrahimli, həmçinin yaşayış yerində aşkar olunan keramika nümunələri və daş qutu qəbir barədə məlumat verib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlov “Zoom” proqramı vasitəsilə tədbir iştirakçılarını rəhbərlik etdiyi Antik Naxçıvan arxeoloji ekspedisiyasının Meydantəpə yaşayış yerində gördüyü işlər, əldə olunan nəticələrlə tanış edib. Alim bildirib ki, tədqiqat işləri 400 kvadratmetr ərazidə üç sahədə aparılıb. Arxeoloji qazıntılar zamanı çox sayda keramika məmulatları və daşdan hazırlanmış əmək alətləri, osteoloji qalıqlar aşkar olunub. Qazıntılar nəticəsində əldə edilmiş tapıntıların hamısı e.ə IV - b.e. III əsrlərinə aiddir. Tapıntılar Azərbaycanın, o cümlədən Naxçıvanın Antik dövr tarixinin, mədəniyyətinin, memarlığının, təsərrüfat həyatının, beynəlxalq əlaqələrinin öyrənilməsi üçün mühüm elmi əhəmiyyətə malikdir.

Sonra çıxış edən AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov arxeoloji ekspedisiyaların işini yüksək qiymətləndirərək əldə olunan yeni elmi nəticələrin bir sıra tarixi faktların dəqiqləşdirilməsinə verdiyi töhfədən söz açıb.

Sonda çıxış edən ekspedisiya rəhbərləri tədbirin təşkilinə və fəaliyyətlərinə göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Nəşr edilib : 14.09.2023 14:13