AZ EN RU

Naxçıvan Muxtar Respublikası yeni islahatlar və yeni inkişaf mərhələsində

Azərbaycan öz quruluşuna görə unitar, demokratik, hüquqi, dünyəvi respublikadır. Dünyanın müxtəlif qitələrindəki bir sıra unitar dövlətlər kimi bizim ölkəmiz də özünün unitar quruluşunun spesifik xüsusiyyətinə malikdir. Bu, Azərbaycanın da tərkibində beynəlxalq təcrübədə kifayət qədər geniş yayılmış siyasi muxtariyyətin mövcudluğudur. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin digər inzibati-ərazi vahidlərindən fərqli hüquqi-siyasi rejimə malikdir. Lakin dünyanın unitar dövlətlərinin özünüidarəetmə səlahiyyətlərinə malik ərazilərinin təcrübəsindən fərqli olaraq Naxçıvana muxtariyyət statusunun verilməsi onun 1918-1920-ci illərdə ermənilərin tarixi Zəngəzur vilayətinin qərb hissəsini işğal etməsi nəticəsində eksklav (ölkənin əsas ərazisindən aralı olub, bir neçə xarici dövlətin ərazisi ilə əhatə olunmuş qeyri-suveren region) vəziyyətinə düşməsi ilə əlaqədardır. Həm bu tip işğal faktoruna görə, həm də muxtariyyət əhalisinin, demək olar ki, ölkənin əsas əhalisi ilə etnik-milli, dini-konfessial, dil, mədəni və tarixi köklərə görə tamamilə eyniyyət təşkil etməsi baxımından Naxçıvan muxtariyyətinin yaradılması və mövcudluğu dünya təcrübəsi üçün unikal haldır.
    1924-cü il fevralın 9-da yaradılmış Naxçıvan Muxtar Respublikası ötən bir əsrlik dövr ərzində özünün dörd (1926, 1937, 1978, 1998) Konstitusiyasına malik olsa da, daim Azərbaycan Respublikasının yurisdiksiyası altında olmuş, digər siyasi muxtariyyətlərin, demək olar ki, hamısının yaşadığı analoji təcrübədən fərqli olaraq burada heç vaxt separatizm və sesessiya hallarına rast gəlinməmişdir.
    Muxtariyyət tarixinin, xüsusən 1990-1993-cü illəri Naxçıvan üçün əlamətdar olmuş, bu mərhələ, bütövlükdə, ölkəmizin siyasi tarixinə qızıl hərflərlə yazılmışdır. Bu, heç şübhəsiz ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana gəlişi, burada yenidən aktiv siyasi fəaliyyətə başlaması və muxtar respublikanın qanunverici orqanına rəhbərliyi ilə bağlıdır. Məhz həmin illərdə Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin müjdəçisi sayıla biləcək məşhur 17 noyabr 1990-cı il tarixli qərarlar (Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Ali Sovetin Ali Məclis adlandırılması və üçrəngli, ay-ulduzlu Dövlət Bayrağının qəbul edilməsi) qəbul edilmiş, muxtar respublika ərazisinin erməni hərbi təcavüzündən siyasi-diplomatik və hərbi baxımdan uğurlu müdafiəsi, bölgənin sosial-iqtisadi potensialının qorunması işi təşkil edilmiş, burada müstəqillik dövrünün tələblərinə uyğun aqrar islahatların həyata keçirilməsinə başlanılmışdı.
    Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra da muxtar respublika özünün coğrafi-siyasi vəziyyətinə, düşmən tərəfindən blokadaya alınmasına görə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilmişdir. Naxçıvan dövlət başçısının ötən müddətdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının hər biri ilə əhatə olunmuş, bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında dörd dəfə ayrıca Prezident Sərəncamı imzalanmış, nəhayət, muxtar respublika sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmiş, dövlət büdcəsindən muxtariyyətin büdcəsinə ayrılan illik dotasiyadan əlavə xeyli vəsait yönəldilmişdir. Məhz bu qayğı və diqqətin nəticəsində Naxçıvan Muxtar Respublikasının ağır blokada şəraitində yaşamasına baxmayaraq, əhalinin rifah halının yüksəldilməsinə, bölgədə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə nail olunmuş, mühüm infrastruktur layihələri həyata keçirilmiş, muxtar respublika ərazisinin tam qazlaşdırılması təmin edilmiş, uzun illərdən sonra enerji təchizatı bərpa olunaraq müntəzəm şəkildə yaxşılaşdırılmış, müasir yollar, sosial infrastruktur obyektləri tikilmiş, yeni müəssisələr və iş yerləri açılmışdır. 
    Lakin təəssüflər olsun ki, muxtar respublikada 2022-ci ilin sonunadək həyata keçirilən regional siyasət kursu ölkə rəhbərinin ötən dövrdə göstərdiyi bu diqqət və qayğıya adekvat olmamış, 2020-ci ildə Azərbaycanın düşmən üzərində parlaq qələbəsi və ərazi bütövlüyümüzün bərpası ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra meydana çıxan yeni çağırışlara uyğunlaşa bilməmişdir. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il iyunun 5-də imzalanan Sərəncamla təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “Mövcud çağırışlar” adlanan 3.2-ci bölməsində müəyyənləşdirilən perspektiv fəaliyyət imkanları da sübut edir ki, ötən dövrdə regionun mövcud potensialından onun daha sürətli və optimal inkişafının təmin edilməsi üçün tam istifadə olunmamışdır. Təsadüfi deyildir ki, Dövlət Proqramında qeyd edilir: “2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır... Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir”. 
     Məhz buna görə də Naxçıvanda ictimai-siyasi idarəçiliyi sağlamlaşdırmaq, muxtar respublikanın büdcəsindən, o cümlədən dövlət büdcəsindən ayrılan dotasiyadan, habelə Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı sərəncamlarla bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün yönəldilmiş əlavə resurslardan bundan sonra səmərəli və şəffaf şəkildə istifadə edilməsi üçün Naxçıvan Muxtar Respublikasının idarəçiliyində islahatların keçirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il dekabrın 22-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu təsis edilmiş, nümayəndəliyin Əsasnaməsi təsdiq edilmişdir. 
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Fərmanının 3.2-ci bəndinə əsasən səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə görə səlahiyyətli nümayəndəlik Naxçıvan Muxtar Respublikasının ərazisində Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir. Həmçinin 4.4-cü maddəyə əsasən səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşlarıdır. 
    2022-ci il dekabrın 22-də imzalanan daha bir mühüm Fərman Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı idi. Həmin Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin dəyişikliklərdən əvvəlki redaksiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə muxtar respublikadakı yerli icra hakimiyyəti orqanlarının işinin təşkili ilə bağlı verilmiş səlahiyyətlər və nəzarət hüququ ləğv edildi. 
    Beləliklə, özünün bir əsrlik muxtariyyət tarixində ilk dəfə olaraq Azərbaycan mərkəzi hakimiyyəti muxtar respublikada idarəçilik, xüsusilə icra hakimiyyətinin həyata keçirilməsi sahəsində mühüm institusional islahat həyata keçirdi. Həyata keçirilən siyasi idarəçilik islahatı Azərbaycan Respublikası Konstitusiyasının 99-cu maddəsinin (“İcra hakimiyyətinin mənsubiyyəti”) Naxçıvan Muxtar Respublikasında mərkəzi hakimiyyətin, bilavasitə Azərbaycan Respublikası Prezidentinin nəzarəti altında daha effektiv icrasının təmin edilməsinə yönəlmişdir ki, bu da eyni zamanda qanuna və unitar dövlət anlayışına tamamilə uyğundur. Bundan başqa, dünyada tərkibində siyasi muxtariyyət olan unitar dövlətlərin təcrübəsində dövlətin muxtar qurumda təmsilçilik institutu kifayət qədər yayılmış praktikadır. Fransa, İtaliya, Danimarka, Finlandiya, İndoneziya, Panama və digər ölkələrin tərkibindəki analoji qurumlarda mərkəzi hakimiyyəti təmsil edən səlahiyyətli orqan (şəxs) mövcuddur.
    Qeyd edək ki, 2022-ci ilin sonlarında həyata keçirilən bu fundamental islahatdan sonra artıq başa çatmaqda olan 2023-cü ili bir sıra amillərə görə Naxçıvan Muxtar Respublikasında keçid ili adlandırmaq mümkündür. Bir tərəfdən muxtar respublikada hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq icra və məhkəmə hakimiyyətlərinin tam ayrılması işi başa çatdırılmış, digər tərəfdən isə 2023-cü il muxtariyyətdə çox ciddi qüsurların olduğu sosial-iqtisadi sahədə şəffaflığın təmin edilməsi və real inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü olmuşdur. Bu baxımdan, heç şübhəsiz ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikanın qarşıdakı illərdə sürətli inkişafında çox mühüm rol oynayacaqdır. Həm, bütövlükdə, Dövlət Proqramı, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda cəmi il yarım (2023-cü ilin ikinci yarısı – 2024-cü il) müddətində nəzərdə tutulmuş tədbirlər sübut edir ki, muxtar respublika ən yaxın gələcəkdə sürətlə müəyyənləşdirilmiş inkişaf perspektivinə nail olmaqla, özünün eksklav coğrafi vəziyyətinə rəğmən, ölkənin sosial-iqtisadi həyatına sürətlə üzvi şəkildə inteqrasiya edəcək və Azərbaycanın sosial-iqtisadi baxımdan ən çox inkişaf etmiş iqtisadi rayonlarından birinə çevriləcəkdir.

Elman CƏFƏRLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 
Humanitar siyasət komitəsinin sədri, YAP Naxçıvan şəhər təşkilatının sədri 

Nəşr edilib : 21.12.2023 17:14