AZ EN RU

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Türkiyədə rəsmi səfərdə olub

Cari ilin may ayının 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə toplantısı keçirilib.
Görüşdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi heyəti ilə birgə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının (NMRVK) sədri Vüsal Həsənov da iştirak edib. 
Mərasimdə Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib. 
Tədbirdən əvvəl nümayəndə heyətləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edərək məzarı önünə əklil qoyubublar, Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad olunub.
Mayın 24-də isə ARVK-nın nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkı ziyarət edib, Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər. 
Tədbirlər çərçivəsində NMRVK-nın sədri Vüsal Həsənov nümayəndə heyətləri ilə birgə Türkiyənin Ali Məhkəməsinin sədri Ömər Kerkezi, Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğiti ziyarət edib, görüşlər keçiriblər.
Həmçinin Vüsal Həsənov Türkiyə Barolar Birliyinin başqanı Erinç Sağkana və Ali Məhkəmənin sədri Ömər Kerkezə Naxçıvan MR və Türkiyənin dostluğu rəmzini özündə əks etdirən xatirə hədiyyələrini təqdim edib və xatirə şəkili çəkdirilib. 
Qeyd edək ki, mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 25.05.2024 18:54