AZ EN RU

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının seçki-hesabat konfransı keçirilib, Şərur Rayon Vəkil Bürosunun açılışı olub -YENİLƏNİB - FOTOLAR

    İyulun 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Qonaqlar əvvəlcə Azərbaycan xalqının Ümummilli  Lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun müəllifi olan Ulu Öndərin  əziz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə tər güllər düzüblər.
    Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasınınseçki-hesabat konfransıkeçirilib.
    Konfransın gündəliyi qəbul olunduqdan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, uğurları, problemlərinin həlli məsələsi diqqət mərkəzindədir. Naxçıvanda bu sahədə bir dönüş yaratmaq, islahatlar aparmaq, kollegiyanın özünəlayiq şəkildə yer tutmasına xidmət göstərmək qarşımızda duran ən vacib vəzifələrdəndir. Qısa zaman ərzində bu məsələlərlə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi vəziyyətinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər görülüb. Nəticədə bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası öz üzərinə düşən vəzifələri yerinə yetirir. 
    Diqqətə çatdırılıb ki, Naxçıvan vəkilliyi uğurla Azərbaycan vəkilliyinə tam inteqrasiya olunur ki, bu da çox önəmlidir. Prinsipial olaraq qərar qəbul edildi ki, naxçıvanlı vəkillərimiz, ümumilikdə, respublika üzrə fəaliyyət göstərsinlər. Naxçıvanda vəkillərin sayı çox azdır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən bu gün Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən 20 min nəfərə bir vəkil düşür. Bu problemi aradan qaldırmaq məqsədilə tərəfimizdən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birgə vəkilliyə qəbulla bağlı elan verildi, qərar qəbul olundu. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığı tam təmin olunmalıdır. 
    Anar Bağırov qarşıda duran vəzifələri diqqətə çatdıraraq qeyd edib ki, əsas məqsəd formal vəkilliyin tamamilə aradan qaldırılması, vəkillərin peşə hazırlığının artırılması, müntəzəm olaraq təlim-treninqlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və xüsusilə də gənc hüquqşünasların vəkilliyə cəlbinə nail olmaqdır. 
    Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifələrini müvəqqəti icra edən Vüsal Həsənov hesabat məruzəsi ilə çıxış edib. Çıxışda qeyd olunub ki, 2023-cü ilin 6 ay ərzində kollegiya üzvləri tərəfindən 492 mülki və 466 cinayət işləri ilə bağlı müqavilə bağlanıb, həmin müqavilələr üzrə 70690 manat qonarlar əldə edilib. Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərilməsi üçün Naxçıvan Muxtar Respublikasında ibtidai istintaq orqanlarında vəkillərin iştirakı üçün 263 order, məhkəmə orqanlarında isə 202 order verilib. 2023-cü ilin iyun ay ərzində dövlət büdcəsindən vəkillərə 35660 manat qonorar ödənilib.Hesabat dövründə cinayət işləri üzrə ümumilikdə müqavilə əsasında 26 işə çıxılmış, həmin işlərə görə 6350 manat qonorar ödənilib, 6 ay ərzində 18 müqavilə üzrə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. 
    Sonra təkliflər əsasında Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri üzrə namizəd səsə qoyulub. Vüsal Həsənov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib. Vüsal Həsənov göstərilən etimata görə minnətdarlıq edib, Naxçıvanda vəkillik sahəsində irəliləyişlərin əldə olunması üçün səylə çalışacağını diqqətə çatdırıb. Daha sonra Rəyasət Heyətinin üzvləri, kollegiyanın intizam komissiyasının sədri və üzvləri təkliflər əsasında seçilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının büdcəsinin, üzvlük haqqının və digər məsələlərin müzakirəsi aparılıb. 
    Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Şərur Rayon Vəkil Bürosunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov mərasimdə iştirak edib, rəmzi lenti kəsib. Məlumat verilib ki, büro ümumi sahəsi 143 kvadratmet olan, 4 otaqdan ibarətbinada yerləşir. Binada vəkil bürosunun müdiri, vəkil otaqları və gözləmə zalı yerləşir, bürodaəlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb.
    Qeyd edək ki, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində hər ay olduğu kimi, iyulun 10-da daNaxçıvanda pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar növbəti aksiya təşkil edilib. Aksiya ilə əlaqədar “Pro Bono” Vəkil Bürosunun 5 vəkili tərəfindən vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib. 

    Anar Bağırov: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri  – Məlum olduğu kimi bu ilin mart ayında Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyi Naxçıvana səfər etmişdi və “Müstəqil Azərbaycan Vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda böyük bir tədbirimiz olmuşdu. Ötən dövrdə eyni zamanda Qadın Vəkillər Alyansımız da Naxçıvanda gender məsələlərinə həsr olunmuş tədbir keçirmişdi. Bütün bu tədbirlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, “Heydər  Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdir. Ümumiyyətlə son vaxtlar Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında onun inkişafı, güclənməsi, vəkillərin sayının artırılması və Vəkillər Kollegiyasının müasirləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. Bu hesabat seçki ümumi yığıncağı da məhz bu sırada önəmli yer tutur. Məlum olduğu kimi Vəkillər və Vəkillik barədə Qanunun tələblərinə görə, Vəkillik Kollegiyasının Nizamnaməsinə əsasən bizdə rəhbər qurumlar hər beş ildən bir yenidən formalaşır, seçilir. Bu gün konfrans keçirildi, orada Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal, Həsənov seçildi, Rəyasət heyətinin yeni tərkibi, o cümlədən İntizam Komissiyasının sədri və tərkibi formalaşdı, gələcək planlar müzakirə olundu. Görüləcək işlər çoxdur. Vəkillik güclənməlidir, vəkillərin sayı artmalıdır. 
    Fürsətdən istifadə edib onu qeyd edim ki, çox sevincliyəm, çünki Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yeni Vəkil Bürosunun açılışını etdik və ümid edirəm ki, gələcəkdə Naxçıvanın bütün bölgələrində, bütün şəhər və rayonlarında müvafiq vəkil büroları fəaliyyət göstərəcək. Vəkilliyə qəbul məsələsi davam edir. Artıq 10-dan çox namizəd sənəd verib. Təbii ki, bu  bizi tam qane etmir, istərdik ki, daha çox sənəd verən olsun. Bununla bağlı müəyyən tədbirlər görülür, keçən səfər zamanı Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi ilə əməkdaşlıq barədə memorandum imzalamışdıq. Bu memorandum bizim üçün formal xarakter daşımır, tələbələrin müraciətinə əsasən Bakıda tələbə-hüquqşünaslar arasında keçirilən məhkəmə müsabiqəsində Naxçıvan tələbələrinin də iştirakını təmin edəcəyik. Bu yaxınlarda ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası, Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hüquqşünas tələbələrin yay məktəbi keçiriləcəkdir ki, 5 nəfər Naxçıvanlı tələbəni ora dəvət edəcəyik. Həmçinin verdiyimiz elana uyğun olaraq hər təqvim ayının 10-da Naxçıvan Muxtar Respublikasında pulsuz hüquqi yardım aksiyaları keçirilir. Bu xoş bir ənənədir, bu gün də belə  bir aksiya keçirildi və məlumata görə 200-dən çox vətəndaş, aztəminatlı şəxslər həmin aksiyalarda indiyədək iştirak ediblər. Müəyyən hüquqi problemlərin həllində bu aksiyaların rolu olub. Bu gün özüm, Bakıdan da  bizim 5 nəfər vəkilimiz bu aksiyada  iştirak etdik. Çox böyük maraq var idi, xeyli sayda vətəndaşı qəbul etdik. Hesab edirəm ki, bütün bu tədbirlər, o cümlədən  Naxçıvan Muxtar Respublikasının vəkilləri tərəfindən aparılan maarifləndirmə tədbirləri, KİV-lərdə çıxışlar hüquq mədəniyyətinin, hüquqi biliklərin artırılmasına, maarifləndirməyə xidmət edir. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına maddi, mənəvi cəhətdən, təşkilati məsələlərdə  öz dəstəyimizi bundan sonra da davam etdirəcəyik. 

Nail ƏSGƏROV

Nəşr edilib : 10.07.2023 14:19