AZ EN RU

Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində işləyən hərbi rəhbərlərlə görüş keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Məktəbdənkənar təhsil sektorunun baş məsləhətçisi Elxan Babayev 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərində Heydər Əliyev adına Hərbi Liseyə və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermə qaydalarından  bəhs edib. Təhsil müəssisələrinə qəbul və qarşıda duran vəzifələr ilə bağlı məlumat verilib. Qeyd olunub ki, cari tədris ilində ümumtəhsil müəssisələrində hərbi rəhbərlərin şagirdlərlə işi üçün daha geniş layihələrin keçirilməsi nəzərdə tutulub. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin şöbə rəisi polkovnik-leytenant Vüsal Əliyev çıxış edərək deyib ki, çağırışaqədərki hazırlıq rəhbərlərinin hazırlanması və təhsil müəssisələrinə yerləşdirilməsi prioritet məsələlərdən biridir. Ümumtəhsil müəssisələrində hərbi-vətənpərvər ruhda təbliğatın rolu böyükdür. Hərbi rəhbərlərin şagirdlərləişində diqqət edilməli məqamlar vurğulanıb, gənclərin hərbi-vətənpərvər ruhda yetişdirilməsində rəhbərlərin rolu diqqətə çatdırılıb.

Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev hərbi rəhbərlərin fəaliyyətinin pedaqoji və psixoloji əsaslarından bəhs edib.

Heydər Əliyev adına Hərbi Liseyin kadrlar bölmə rəisi, polkovnik leytenant Fuad Eyvazov qeyd edib ki, Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalaması peşəkar gizir heyətinin hazırlanması istiqamətində hərbi rəhbərlərə böyük məsuliyyət aşılayır.

“Naxçıvan Qaziləri” İctimai Birliyi sədrinin müavini, Şərur rayon Kürkənd tam orta məktəbinin hərbi rəhbəri, qazi Əli Əlisoya çıxışında ümumtəhsil məktəblərində hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkilində hərbi rəhbərin vəzifələrindən danışıb.

Sonda hərbi rəhbərlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Aysel YUSİFZADƏ

Nəşr edilib : 16.01.2024 13:17