AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məlumatı

"Gündəlik Naxçıvan" xəbər portalında 08 noyabr 2023-cü il tarixdə və digər sosial  şəbəkə hesablarında Şahbuz rayonu Külüs kənd  tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı məlumat yayımlanıb. Məlumat  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dərhal araşdırılıb və həmin sosial şəbəkə hesablarına təkzib göndərilib. 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təkzibində bildirilib ki,  Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən sözügedən məktəbə 2.5 meqabit internet verilir. İnternetdən  məktəb tərəfindən  3 elektron lövhə və  kompüter otağında olan kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə olunur. 
Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün  istifadə etdikdə isə internetin sürəti  aşağı düşür bu da tədrisdə  müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün  internetlə təmin olunması ilə bağlı məktəbin  heç bir öhdəliyi yoxdur. 
Qeyd olunur  ki, məktəbdə tədris  elektron lövhəli otaqlarda  qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır. Həmin qrafikdə  və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından  kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün  məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də peqaqoji heyətə heç bir məhdudiyyət qoyulmur.
Külüs kəndində mobil internetdən istifadə ilə problemə gəldikdə  isə bildirilir ki, sakinlər Naxtel, Azərcell və Nar operatorlarından istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər. 
Məktəbdə suyun olmaması ilə bağlı məlumatın da  həqiqəti əks etdirmədiyi vurğulanaraq bildirilir ki, hazırda  məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla  müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla  bağlı məlumat  aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq.

Nəşr edilib : 10.11.2023 14:11