AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə təhsil naziri Rəhman Məmmədov məruzə edib. 
    Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Hazırda 16 təhsil müəssisəsinin tikintisi və ya yenidən qurulması istiqamətində işlər davam etdirilməkdədir. Bilik Günündə istifadəyə verilmiş Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin binası isə pedaqoji kollektivə ən gözəl hədiyyə olmuşdur. 
    Diqqətə çatdırılıb ki, 2022-ci ildə də yeni təhsil müəssisələrinin tikintisi, istilik sistemi ilə işləyən təhsil müəssisələrinin sayını artırmışdır. Tikinti-quruculuq işləri nəticəsində Təhsil Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində müasir istilik sistemi quraşdırılmışdır. Ötən il təhsil müəssisələrinin 97 faizi istilik sistemi ilə işləyirdisə bu il bu göstərici 100 faiz təşkil edəcəkdir. Bu da, öz növbəsində, təhsil müəssisələrində tədrisin fasiləsiz təşkilinə və keyfiyyətinin artırılmasına öz töhfəsini verəcəkdir.
    Qeyd olunub ki, 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 212 ümumtəhsil məktəbi, 35 məktəbdənkənar müəssisə, 1 orta ixtisas məktəbi, 4 peşə və 19 təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir. Təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər muxtar respublikada təhsil müəssisələrinin birnövbəli rejimdə fəaliyyətinə müsbət təsirini göstərmişdir. Belə ki, əgər 5 il bundan əvvəl 10 məktəb ikinövbəli rejimdə işləyirdisə, 2022-2023-cü tədris ilindən Sədərək rayon Qaraağac kənd tam orta məktəbindən başqa bütün məktəblər birnövbəli rejimdə işləyəcəkdir.  
     Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəssisələrin payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar əsasında təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı ilə bağlı araşdırma aparılmış, mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 
    Hazırda təhsil müəssisələrində 229-u daimi və 234-ü mövsümi olmaqla, 464 ocaqçı fəaliyyət göstərir. Təhsil müəssisələrində işləyən ocaqçılardan hamısı qazanxana maşinisti ixtisası üzrə peşə təhsili müəssisələrində kursa cəlb olunaraq sertifikatla təmin edilmişdir. Təhsil müəssisələri ilə yanaşı, eyni zamanda muxtar respublikanın digər təşkilatlarının istilik sistemlərində çalışan texniki işçilərinin də peşə kurslarına cəlbi diqqətdə saxlanılmışdır. 2021-2022-ci tədris ilində 296, son beş ildə isə 1286 nəfər peşə təhsili müəssisələrində qazanxana maşinisti ixtisası üzrə peşə təhsili alaraq müvafiq sertifikatla təmin edilmişdir. 
    Təhsil naziri təhsil müəssisələrində fasiləsiz tədris prosesinin təmin olunması üçün müvafiq tapşırıqlar vermişdir. 
    Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.    

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.09.2022 19:17