AZ EN RU

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Hesablama Palatasının açıqlamalarına aydınlıq gətirdi

Bir neçə gün bundan öncə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində və digər qrumlarda aparılan audit yoxlamaları ilə bağlı mətbuata açıqlama verib. Hesablama Palatasının sədri açıqlamasında bildirib ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir: "Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Hesablama Palatasının açıqlaması ilə bağlı məktəbdənkənar təhsil müəssisələrində qeyd olunan nöqsanlar hansılardır və haradan qaynaqlanır və digər suallarını cavablandırıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Hesablama Palatasının yoxlamaları əsasən 2022-2023 və 2023-2024-cü tədris illərinin, xüsusilə, 2023-cü ilini əhatə edib. Aşkarlanmış nöqsanlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində aparılan kadr islahatlarından əvvəlki dövrün miras qalmış nöqsanlarıdır. Nazirlik tərəfindən eyni zamanda o da bildirilib ki, məktəbdənkənar təhsil müəssisələrindəki neqativ hallar: süni dərnək qruplarının formalaşdırılması, dərnək dərslərinin keçirilməməsi, dərnəkərin təşkili zamanı normativ qaydaların pozulması, əvəzçilik və s. nöqsanlarla bağlı kadr dəyişikliyindən sonra, yəni 2023-cü ilin noyabr ayından etibarən ilkin tədbirlər görülməyə başlanılıb. Palatanın "Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb” açıqlamasına gəldikdə isə məktəbdənkənar təhsil müəssisələrində nöqsanlar köhnə rəhbərlik tərəfindən aradan qaldırılmayıb və həmin təhsil müəssisələrində şəbəkə təsdiqi də 2023-cü ilin yanvar-sentyabr aylarına təsadüf edib. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində aparılan kadr dəyişikliyindən sonra (2023-cü il oktyabr-noyabr) qısa müddət ərzində ümumtəhsil və məkəbəqədər müəssislərdə, xüsusilə də, məktəbdənkənar təhsil müəssisələrində tədrisin təşkili və idarəolunması ilə bağlı ilkin monitorinq və yoxlamalar aparılıb. Nəticələr təhlil edilidikdən sonra ilkin tədbirlər görülməyə başlanılıb. Ciddi nöqsanların olduğu sahələrdən biri olan dərnəklərin təşkili, dərnəklərə uşaq cəlbi, tədrisin vəziyyəti ilə bağlı monitorinqlərin aparılması, müəssisələrin fəaliyyətinin günün tələbləri çərçivəsində qurulması istiqamətində tədbirlərə başlanılması ilə bağlı tapşırıqlar verilib. Monitorinqlər nəticəsində məlum olub ki, məktəbdənkənar təhsil müəssisələrində ötən illərdə bir sıra qanunsuz dərnək qrupları formalaşdırılıb, müəssisələrdə dərnək rəhbərlərinin qanunauyğun tədris aparmadığı, dərnək məşğələlərində uşaqların cəlb olunmadığı, dərnək məşğələləri keçirilmədiyi halda bəzi “dərnək rəhbərlərinin” kartlarına əməkhaqlarının yüklənməsi halları aşkar olunub. Bu tendensiyanın 2023-cü ildə də davam etdirilməsi baş verib.

Mətbuat xidmətindən bildirildi ki, Hesaplama Palatası tərəfindən Təhsil Nazirliyində audit yoxlaması 2024-cü ilin 24 yanvar – 01 aprel tarixləri aralığında aparılıb. Bu yoxlamalara qədər Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində Naxçıvan Şəhər Təhsil Şöbəsi üzrə 7, Şərur Rayon Təhsil Şöbəsi üzrə 6, Babək Rayon Təhsil Şöbəsi üzrə 23, Ordubad Rayon Təhsil Şöbəsi üzrə 12, Culfa Rayon Təhsil Şöbəsi üzrə 21, Kəngərli Rayon Təhsil Şöbəsi üzrə 5, Şahbuz Rayon Təhsil Şöbəsi üzrə 11, Sədərək Rayon Təhsil Şöbəsi üzrə 3, Nazirliyə birbaşa tabe müəsisələr üzrə isə 70 olmaqla, ümumilikdə, 158 qrupun fəaliyyətinin fəaliyyəti qanunauyğun təşkil olunmadığı üçün dayandırılaraq vakant saxlanılmışdır. Bunun da nəticəsində aylıq 51 min manatdan artıq vəsait dövlət büdcəsinə qənaət olunmuşdur. Həmçinin Təhsil Şöbələri və müəssisələr üzrə 97 müəllimin əməkhaqqısı saxlanılmış, 22 müəllimə intizam tənbehi, 27 dərnək rəhbərinin əmək müqaviləsinə xitam verilmişdir. Hazırda da Təhsil Nazirliyi tərəfindən muxtar respuiblikada fəaliyyət göstərən bütün məktəbdənkənar təhsil müəssisələrində monitorinqlar davam etdirilir.

2023-cü ilin noyabr ayından etibarən Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində aparılan yoxlamalar nəticəsində məlum olub ki, siniflər komplektləşdirilərkən, xüsusən də, ibtidai siniflərdə təlimatın tələblərinə əməl olunmayıb. Bu da Hesaplama Palatasının audit yoxlamasında öz əksini tapıb. Bu qanunauyğunsuzluğun aradan qaldırılması tədris ilinin ortasında mümkün olmadığı üçün yeni tədris ilində bu istiqamətdə qanunauyğun tədbirlər görüləcəkdir.

Əlavə olaraq nazirliyin mətbuat xidmətindən bildirildi ki, mütəmadi olaraq Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində, məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələrində əvvəlki illərdən mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər davam etdiriləcək.  

Ümid edirik ki, təhsil müəssisələrinin rəhbərləri müəssisələrin fəaliyyətini qanunauyğun şəkildə həyata keçirilməsinə çalışacaqlar.

Nəşr edilib : 09.04.2024 20:00