AZ EN RU

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib

    Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib.
    Konfransda təhsil naziri Rəhman Məmmədov 2022-2023-cü tədris ilində təhsil sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə edib. Bildirilib ki, 2023-cü ildə də təhsil quruculuğu sahəsində işlər davam etdirilmiş, fevral ayının 1-də Babək rayon Vayxır, 9-da Ordubad rayon Xanağa, 23-də Şərur rayon Həmzəli, martın 15-də Şərur rayon Vərməziyar kənd tam orta məktəbləri, iyunun 14-də isə STEAM Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Şahbuz və Babək rayonu üzrə məktəbdənkənar təhsil müəssisələrinin, 954 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin, 456 yerlik Hacıvar kənd tam orta məktəbinin, 270 şagird yerlik Azadkənd tam orta məktəbinin binasının yenidən qurulması, Şərur rayon Təzəkənd tam orta məktəbinin əsaslı təmiri, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə isə bərpa-gücləndirmə işləri istiqamətində işlər davam etdirilməkdədir.  
    Çıxışda “Heydər Əliyev İli” çərçivəsində təhsil müəssisələrində keçirilən çoxsaylı tədbirlərdən  ətraflı bəhs olunub. Diqqətə çatdırılıb ki, hesabat dövründə təhsilin inkişafında xidmətlərinə görə 4 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 4 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adları, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunublar. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 230-u müəllim kimi fəaliyyətə başlamış, 1000-dən çox müəllim müxtəlif təlim və konfranslara cəlb edilmiş, 2 müəllim qrant müsabiqəsinin qalibi olmuşdur.
    Bildirilib ki, 2022-2023-cü tədris ilində 5000-ə yaxın şagird olimpiada və fənn müsabiqələrində iştirak etmiş, onlardan 251-i qalib olmuşdur. Beynəlxalq STEAM Azərbaycan Festivalında muxtar respublika məktəbliləri 1-ci, 2-ci, və 3-cü yerlərin qalibi olmuşdur. Həmçinin muxtar respublika məktəbliləri Bakıda keçirilən Dünya Robot Olimpiadasında iştirak edərək ölkə birincisi olmuş, 7-9 noyabr 2023-cü il tarixlərdə Panama Respublikasında keçiriləcək olimpiadanın final mərhələsində ölkəmizi  etmək hüququ qazanmışdır.
    Ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsində 7 şagird 6 layihə ilə iştirak etmiş, 1 layihə 2-ci yerə, 2 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülmüşdür.  
    Diqqətə çatdırılıb ki, ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” nişana, 32-si fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 88-i fərqlənmə attestatına layiq görülmüş, 196 məzun 500-dən yuxarı bal toplamışdır. II ixtisas qrupunda ölkə üzrə ən yüksək nəticəni muxtar respublika məktəblisi göstərmişdir.
    Rəhman Məmmədov ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.
    Təhsilin müasir yanaşmalar əsasında inkişaf etdirilməsi mühüm bir məsələ kimi muxtar respublika təhsil işçiləri qarşısında qoyulan vəzifələrdəndir. Təhsil naziri 2023-2024-cü tədris ilində təhsil müəssisələrinin binalarının qorunması, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, tədrisin yüksək səviyyədə aparılması, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, tədris prosesində informasiya texnologiyalarından və laboratoriyaların imkanlarından səmərəli istifadə olunması, metodiki kabinetlərin fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
    Təhsil naziri qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, proqrama uyğun olaraq  Naxçıvan şəhərində yeni internat tipli məktəb binasının, həmçinin 1000 şagird yerlik yeni məktəb binasının inşası, əmək bazarının tələblərinə cavab verən müasirtipli peşə təhsili müəssisələrinin təşkili, ümumi təhsil müəssisələrinə rəhbər və pedaqoji heyətin mərkəzləşdirilmiş müsabiqə vasitəsilə işə qəbulu, STEAM siniflərinin zənginləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi, “Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzi”nin, ümumtəhsil məktəblərinin nəzdində icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması, İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi, təhsil müəssisələrinin kompüter, proyektor və elektron lövhələr ilə təmin edilməsi, veb-kameraların quraşdırılması planlaşdırılır.
    Rəhman Məmmədov proqram çərçivəsində həyata keçiriləcək bu tədbirlər sayəsində 2023-2024-cü tədris ilinin innovasiyalar ili kimi yadda qalacağına əminliyini bildirib, proqram üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtlı-vaxtında keçirilməsi ilə bağlı təhsil işçilərinə tapşırıqlarını verib.
    Məruzə ətrafında müzakirələr aparılmış, çıxışlar dinlənilmiş, konfransın qərarı qəbul edilmişdir.
    Sonda muxtar respublikada təhsilin inkişafı ilə bağlı “Naxçıvan təhsili müstəqillik illərində” filminə baxış olmuşdur.

 Naxçıvan Muxtar Respublikası Təhsil 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.09.2023 18:54