AZ EN RU

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib

    Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilib. 
    Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açıb. Nazir Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində 2021-2022-ci tədris ili ərzində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, məktəbdənkənar tərbiyə müəssisələrinin tikintisi və ya yenidən qurulması  istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. 
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə 2022-ci ilin yanvarın 1-dən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları artırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 31 avqust  tarixli 171 nömrəli Qərarı ilə ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına təhsilalanların sayına görə, təhsilverənlərin maaşlarına isə sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr edilib.
    Diqqətə çatdırılıb ki, hesabat dövründə təhsilin inkişafında xidmətlərinə görə 4 müəllim Azərbaycan Respublikasının, 6 müəllim isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adları, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunublar.  Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə STEAM təhsili və idman sahəsində fərqlənən 2 şagirdin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. 
     Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 dekabr tarixli Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib, nazirliyin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Həmçinin Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyi təsis edilib.
    Muxtar respublikada yeni təhsil metodlarının tətbiqinə də geniş yer verildiyini vurğulayan təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən bu günədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, “STEAM təhsil festivalı” keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzi yaradılır. 
    Qeyd olunub ki, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqətdə saxlanılıb, müxtəlif müsabiqə və layihələr uğurla davam etdirilib.
    Ötən tədris ilində 1200-dən çox müəllim müxtəlif təlimlərə, kurslara cəlb olunub, təhsilverənlərin sertifikasiyası aparılıb. İşə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 195-i müəllim, 52-si isə məktəblərdə müxtəlif vəzifələrə təyin edilib, 1543 müəllim sertifikatla təmin olunub. 2022-ci ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə də işə qəbul üçün müsabiqə elan edilib, 26 gənc kadr müvafiq vəzifələrə təyin olunub. Müəllimlərin işə qəbulu müsabiqəsində ən yüksək nəticə göstərən 163 gənc kadr 2022-2023-cü tədris ilindən pedaqoji fəaliyyətə başlayacaqdır. Bunlarla yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 8-i qalib olub.
     Diqqətə çatdırılıb ki, yeni dərs ilinə hazırlıqla əlaqədar 2022-2023-cü tədris ili üçün yeni tədris planlarının təsdiqi həyata keçirilib, dərslik və metodik vəsaitlərin bir hissəsi muxtar respublikaya gətirilib. 
    Nazir bildirib ki, məzunlarımız yaradılmış müasir tədris imkanlarından yararlanaraq buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda da uğurlu nəticələr qazanıb, təhsili xüsusi nailiyyətlərlə başa vurublar. Belə ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülüb. Ümumilikdə, 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2990 məzun bitirib, onlardan 2848-i, yaxud 95 faizi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Ötən ilki göstəricilərlə müqayisədə 250-300 bal arası nəticə göstərən məzunların sayı 49 faiz, 200 baldan yuxarı nəticə göstərənlər 6 faiz çox olub. Yüksək nəticə göstərən məzunlarda keyfiyyət göstəriciləri yaxşılaşıb, 600-700 arası bal toplayan məzunların sayı isə ötən ilə nisbətdə 36 faiz artıb. 254 nəfər isə 500-700 arasında bal toplayıb. Yüksək nəticə göstərən 100 məktəbdən 71-i ucqar kənd məktəbləridir.
    Qeyd olunub ki, istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək məqsədilə ötən tədris ilində keçirilən müxtəlif olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5258 şagird iştirak edib, onlardan 329-u qalib olub.
    Bildirilib ki, “Kanal 35” televiziyası öz fəaliyyətini müəyyən edilmiş proqram əsasında qurub, yarım il ərzində Televiziya və Radio Verilişləri Redaksiyasının texniki imkanları baxımından müasir standartlara tam cavab verən yeni internet saytı və studiyası istifadəyə verilib, televiziyada müxtəlif maarifləndirici videomateriallar efirə təqdim olunub. 
    Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq qeyd edib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.
    “Təhsilin müasir yanaşmalar əsasında inkişaf etdrilməsi mühüm bir məsələ kimi muxtar respublika təhsil işçiləri qarşısında qoyulan vəzifələrdən olmalıdır”, – deyən təhsil naziri bu istiqamətdə tapşırıqlar verib.
    Məruzə ətrafında müzakirələr aparılıb, çıxışlar dinlənilib, konfransın qərarı qəbul edilib.
    Konfrasın sonunda muxtar respublikada təhsilin inkişafı ilə bağlı “Kanal 35” televiziyasının hazırladığı “Naxçıvan təhsili müstəqillik illərində” filminə baxış olub.

 Naxçıvan Muxtar Respublikası
 Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.09.2022 20:26