AZ EN RU

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi jurnalistlər üçün Naxçıvana media tur təşkil edib

    Tur çərçivəsində Nazirliyin təşəbbüsü ilə həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verilib.Media turun əsas məqsədi jurnalistləri və ictimaiyyəti Naxçıvan səhiyyəsində aparılan islahatlarla yaxından tanış etmək olub.
    KİV nümayəndələri öncə Heydər Əliyev Muzeyinin qarşısında ucaldılan Umummilli liderin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. 
    Daha sonra jurnalistlər Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov və nazirin birinci müavini ilə birgə Ordubad rayon Mərkəzi Xəstəxanası, Ordubad ASM-də (Ailə Sağlamlıq Mərkəzi) olublar. Görüşdə nazir media nümayəndələrini sözügedən tibb müəssisələrində yaradılan şərait, bu müəssisələrin təchiz olunduğu müasir avadanlıqlar və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün görülən tədbirlər barədə məlumatlandırıb. Samiq Sadıxov Ordubad rayon Mərkəzi Xəstəxanasında iki endoprotez əməliyyatı həyata keçiriləcəyini və bu əməliyyatın Naxçıvan səhiyyəsində, daha dəqiq desək, Ordubad rayon Mərkəzi Xəstəxanasında bir ilk olduğunu vurğulayıb. Əməliyyatı həyata keçirəcək həkim, travmataloq Elşən Paşayev jurnalistlərlə görüşüb və onların suallarını cavablandırıb. 
    Daha sonra xəstəxananın həyətində “Bir şəhid, bir çinar” aksiyası çərçivəsində ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyasına nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov, nazirliyin əməkdaşları və media turda iştirak edən jurnalistlər də qoşulub. Ordubad Rayon Mərkəzi Xəstəxanasının ərazisində rayonun 57 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri, həmçinin QR kodlar yerləşdirilib. Bu kodlar vasitəsi ilə hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkündür.
    Daha sonra media nümayəndələri Naxçıvan Diaqnostika Sağlamlıq Mərkəzi və Naxçıvan Respublikası Mərkəzi Xəstəxanasına baş çəkib MRT, Naftalan vannası, Fizioterapiya və digər tibbi şöbələrin fəaliyyəti ilə tanış olublar. Nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov bildirib ki,  Naxçıvan Respublikası Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq 0-18 yaş qrupu üzrə şəkərli diabet olan uşaqlara 24 saatlıq qlükoza monitorizasiyası üçün tam təmənnasız qlükoz sensorları qoyulur. 
    Sonda Naxçıvan Mərkəzi Xəstəxanası önündə xatirə şəkli çəkilib.
    Xəstəxanalar üzrə tur başa çatdıqdan sonra Naxçıvan MR Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov mətbuat nümayəndələrini nazirlikdə qəbul edib. S.Sadıxov ilk öncə səhiyyə sahəsində, həmçinin tibbi xidmətlərin göstərilməsində tətbiq olunacaq innovativ həllər, 2024–cü ildə həyata keçiriləcək layihələr və planlar barədə ətraflı məlumat verib. Görüş çərçivəsində Nazirliyin yenilənmiş loqosu da təqdim olunub. Samiq Sadıxov son 6 ay ərzində səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, görülən işlər barədə iştirakçılara hesabat xarakterli təqdimat edib, görüşün sonunda suallar cavablandırılıb.
    Səfərin yekununda jurnalistlər “Duzdağ Fizioterapiya Mərkəzi”-də olublar. Onlar Naxçıvan duz mədəni bazasında yaradılan bu terapiya mərkəzinin astma, allergiya və bronxial xəstəliklərdən əziyyət çəkən şəxslər üçün möcüzəvi təsiri barədə məlumatlandırılıblar. Nazirin vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov vurğulayıb ki, sözügedən mərkəzin daxilində cinema salonu, usaq əyləncə parkı, SPA mərkəzi və s fəaliyyət göstərilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.11.2023 19:28