AZ EN RU

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 22 iyun tarixli 325-06/S nömrəli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təşkili məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu  “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılsın.

2. Müəyyən edilsin ki, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu (bundan sonra – İnstitut) qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyəti sahəsində elmi-praktiki araşdırmalar aparır, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirir, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayır və aidiyyəti üzrə təqdim edir, qida və yem məhsullarına dair digər beynəlxalq standartların onların istehsalçıları tərəfindən könüllü tətbiqi, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi və qida məhsullarının minimum keyfiyyəti göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.

3. İnstitutda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

3.1.1. İnstitutun yenidən təşkil və ləğv edilməsi.

3.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. nizamnamənin və strukturun təsdiqi;

3.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi.

3.3. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulanlar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 28 dekabr tarixli 223-VI FR nömrəli Fərmanının 1.10.2.1-ci yarımbəndində “Naxçıvan Qida təhlükəsizliyi laboratoriyası, elmi araşdırmalar və sahibkarlıq subyektlərinə xidmət mərkəzi publik hüquqi şəxs” sözləri “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il  3 noyabr tarixli 210-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.0.22-ci yarımbəndə “qida məhsullarının” sözlərindən əvvəl “tabeliyindəki qurumun elmi əsaslandırılmış təklifləri əsasında” sözləri əlavə edilsin;

5.2. 3.0.23-cü yarımbəndə “qəbul etmək,” sözlərindən sonra “tabeliyindəki” sözü əlavə edilsin;

5.3. 3.0.64-cü yarımbəndə birinci halda “qida” sözündən əvvəl “tabeliyindəki qurum vasitəsilə” sözləri əlavə edilsin.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

6.1. İnstitutun nizamnaməsini və strukturunu təsdiq etsin, habelə nizamnamə fondunun formalaşdırılmasını təmin etsin və bu barədə bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

6.2. İnstitutun maddi-texniki təminatı ilə bağlı məsələləri iki ay müddətində həll etsin;

6.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

6.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

6.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 18 mart 2024-cü il

Nəşr edilib : 18.03.2024 16:24