AZ EN RU

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

İyulun 12-də Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe  rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2024-cü ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik  sükutla yad edilib.
Müşavirədə giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev müasir prokurorluq orqanlarının formalaşmasında və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısından bəhs edib.
Sonra Muxtar Respublikada cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilib. 
Sənan Paşayev 2024-cü ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək 2023-cü ilin I yarımili ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayında azalma müşahidə olunduğunu, cinayətlərin açılma faizinin 97.9% təşkil etdiyini qeyd edərək, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında müraciətlərə baxılması işinin keyfiyyətcə yeni səviyyəyə qalxması, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsi, hüquqi təbliğat və profilaktiki söhbətlər nəticəsində 2023-cü ilin birinici yarımili ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. 
Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, davamlı olaraq bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılması barədə tapşırıqlar verilib.
Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran muxtar respublika prokuroru Sənan Paşayev prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Nəşr edilib : 15.07.2024 19:47