AZ EN RU

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Naxçıvana ezam olunan ixtisaslı həkimlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində seminar keçirilib.
Seminardan əvvəl Elmi-Tədqiqat Pediatriya İnstitutunun mütəxəssisləri Mərkəzin anesteziologiya və reanimasiya şöbəsinin şəraiti və körpələrin vəziyyəti ilə tanış olublar.
Seminarda Perinatal Mərkəzin inzibati məsələlər üzrə direktor müavini Ülkər Bayramova çıxış edərək ixtisaslı həkimlərlə birgə fəaliyyətin əhəmiyyətindən danışıb.
Sonra İnstitutunun uşaq cərrahı Zülfiyyə Məmmədova, reanimatoloq-neonatoloqlar Aynurə İsmayılova və Leyla Həsənova çıxış edərək səfərin məqsədinin uşaqların pediatriya sahəsində təcrübə mübadiləsinin aparılması olduğunu bildiriblər. Seminarda ağır patologiya ilə doğulan uşaqlara ilkin tibbi yardım, onların necə təxliyə olunması barədə fikir mübadiləsi aparılıb. 
Seminardan sonra həkimlər Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan uşağın vəziyyəti ilə maraqlanıb, azyaşlının müalicəsi ilə bağlı konsulium keçiriblər.
Üç günlük işgüzar ezamiyyət çərçivəsində İnstitutunun reanimatoloq və neanotolaqları bu gün Perinatal Mərkəzdə doğuşda iştirak edib və uşaq cərrahının Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasında  xəstə müayinəsi təşkil olunub.

Nəşr edilib : 27.09.2023 15:31