AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Nazirlər Kabinetinin 2023-cü il 3 mart tarixli “Yay otlaq fondu torpağının istifadəsi üçün icazə” blankının formasının və “Yay otlaqlarının, örüş sahələrinin və biçənəklərin istifadəsinə dair Tələblər”in təsdiq edilməsi barədə” Qərarı ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunlaşdırılmışdır. 

Nazirlər Kabinetinin 2023-cü il 9 mart  tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.Tədbirlər planına uyğun olaraq su ehtiyatlarından qənaətlə və səmərəli istifadə, iqlim dəyişmələrinin fəsadları, gözlənilən risklər, suyun bölgüsü, sudan istifadə ilə əlaqədar istehlakçıların müraciətlərinin operativ qaydada qəbulu, baxılma və cavablandırılması məqsədilə müasir tələblərə uyğun çağrı mərkəzlərinin təşkili, su itkisinin qarşısının alınması məqsədi ilə gecə suvarmalarının təşkili və suvarma işlərinə nəzarət mexanizminin gücləndirilməsi, suvarma suyu təminatına dair çatışmazlıqlar olan kəndlərdə suya qənaət məqsədi ilə  yeni şəbəkənin qurulması və digər məsələlərlə bağlı tədbirlər həyata keçiriləcəkdir. 

Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 10 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində əcnəbi tələbələr üçün təhsil haqqının məbləğinin təsdiq edilməsi haqqında”,“Tələbə yataqxanalarından istifadə Qaydaları”nın, “Tələbə yataqxanalarında yaşayış sahəsinin kirayə müqaviləsinin Nümunəvi Forması”nın və “Tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği”nin təsdiq edilməsi haqqında”, “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən həyata keçiriləcəkdir. 

 Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan  İşıqlandırma və Reklam Tərtibatı İdarəsi əmlakı ilə birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.  

Eyni zamanda Nazirlər Kabinetinin 2023-cü il 10 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadənin, həmçinin informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsinə dair  2023-cü il üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət qurumları daxilində elektron sənəd dövriyyəsi proqramının tərtib edilərək qurulmasına, muxtar respublikada fəaliyyət göstərən dövlət təşkilatlarında yeni texnologiyaların tələblərinə cavab verməyən və fəaliyyəti formal xarakter daşıyan internet saytların müasir texnologiyalardan istifadə olunmaqla yenilənməsinə, dövlət qurumlarının əməkdaşlarının “gov.az” domeninə bağlı e-poçt adresləri ilə təmin edilməsinə,eləcə də dövlət qurumlarında elektron imzanın tətbiqi istiqamətində müvafiq işlərin görülməsinə dair bir sıra işlər həyata keçiriləcəkdir.  

Nəşr edilib : 15.03.2023 14:48