AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2023-cü ilin fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 1 fevral 2023-cü il tarixli Qərarı ilə “Nəzarətli göndəriş metodundan istifadə etməklə muxtar respublikanın gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü hallar və bunun Qaydası”nın təsdiq edilməsi haqqında”, “Alternativ enerji mənbəyi kimi günəş enerjisindən elektrik enerjisi alınması üçün Naxçıvan Muxtar Respublikasına idxal olunan avadanlıqların gömrük idxal rüsumundan və əlavə dəyər vergisindən azad olunması haqqında”, “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunlaşdırılmışdır. 
    Bundan başqa, Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nın, “Naxçıvan Muxtar Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrində yanacağın daşınması ilə bağlı əlavə tədbirlər haqqında”, “Sərhədyanı ticarət Qaydaları”nın təsdiq edilməsi barədə, eləcə də “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunlaşdırılmışdır. 
    Nazirlər Kabinetinin 1 fevral 2023-cü il tarixli Qərarına əsasən “Bir sıra təsərrüfathesablı dövlət müəssisələrinin və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan bir sıra hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə “Əshabi -Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə  Kompleksinin ştat cədvəli ləğv edilmişdir.Bu qərardan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Agentlik tərəfindən həyata keçiriləcəkdir. 
    Həmçinin Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin  nikah evlərinin və qeydiyyat şöbələrinin ştat cədvəli”ndə dəyişiklik edilmişdir. 
    Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında  sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” Qərarı ləğv edilmişdir. Bundan sonra sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının  təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcəkdir.  
    Nazirlər Kabinetinin eyni tarixli digər bir  Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir. Adıçəkilən Nizamnaməyə  görə müəssisənin fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının  təmin edilməsindən ibarətdir. Müəssisənin saxlanılması xərcləri və fəaliyyəti, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının büdcəsi və ya yerli büdcə, büdcədənkənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 
    Nazirlər Kabinetinin 7 fevral 2023-cü il tarixli bir sıra qərarları ilə muxtar respublika ərazisində olan tibb müəssisələrinin Nizamnaməsi və ştat cədvəli qanunvericiliyə uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənəcəkdir. 
    Nazirlər Kabinetinin 10 fevral 2023-cü il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə layihəsinin, muxtar respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin, investisiya proqramının istiqamətləri üzrə layihəsinin hazırlanması həyata keçiriləcəkdir. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar, nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan digər təşkilatlar növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərək qanunvericiliyə uyğun olaraq bu Sərəncamdan irəli gələn digər vəzifələri müəyyən olunmuş icra müddətlərində yerinə yetirilməsini təmin edəcəklər. 
    Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə işəqəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarı ləğv edilərək müvafiq səlahiyyətlərin həmin qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
    Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

Nəşr edilib : 15.02.2023 19:56