AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti oktyabr ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 21 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilmişdir. Qaydaya görə sığorta haqları üzrə illik daxilolmaların proqnozunun   5 faizədək hissəsi sığorta ehtiyatına yönəldilir. Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatında vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə fondun müvafiq bank hesabları açılır. Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
    Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 25 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Beynəlxalq Hava Limanında avtomobil dayanacaq yerlərindən istifadəyə görə ödənişlərin məbləği”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən avtomobil dayanacaq yerlərindən istifadə zamanı 15 dəqiqəyədək müddət ödənişsiz müəyyən edilmişdir.
    Eyni zamanda Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaya görə imtahan üzrə 60 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahandan keçməyən namizədlərin növbəti 3 dəfə yenidən imtahanda iştirak etmək hüququ vardır. Növbəti 3 dəfə imtahandan keçə bilməyən namizədlər yalnız təlim prosesində təkrar iştirak etdikdən sonra imtahana buraxılırlar. 
 

Nəşr edilib : 01.11.2022 17:42