AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti oktyabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 3 oktyabr tarixli Qərarı ilə  “Naxçıvan Muxtar Respublikasında strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilmişdir. Adıçəkilən Qaydaya görə strateji ekoloji qiymətləndirmə sahəsində dövlət nəzarəti Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Həmçinin ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədilə aparılır.
    Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası” təsdiq olunmuşdur. Həmin Qaydaya əsasən  kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi torpaq qanunvericiliyinə əsasən müəyyən olunur və həmin torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması, dincə qoyulması, torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi meyarları əsasında müəyyən edilir. Təyinatı üzrə istifadəsi mümkün olmayan torpaqların ekzogen geoloji proseslərə məruz qaldığı üçün torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi meyarları müəyyən edilmişdir. 
    Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 5 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə və “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilmişdir. Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. 
    Nazirlər Kabinetinin 2022-ci il 6 oktyabr tarixli qərarları ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə, eləcə də “Evdə sosial xidmətin göstərilməsi Qaydası”nda bir sıra dəyişikliklər edilmişdir.

Nəşr edilib : 17.10.2022 20:35