AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində mart ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb. Belə ki, Nazirlər Kabinetinin 1 mart 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası vergi orqanları işçilərinin sosial  müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2017-ci il 11 noyabr tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi texniki potensialının artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası yeni redaksiyada təsdiq edilmişdir.

Nazirlər Kabinetinin 5 mart  2024-cü il tarixli Qərarı ilə “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən göstərilən xidmətlərin tarifləri”nin təsdiq edilməsi  haqqında” 2019-cu il 28 dekabr tarixli Qərarının ləğv edilməsi və “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən göstərilən xüsusi rabitə xidmətlərinin tarifləri”nin təsdiq edilməsi  haqqında” 2022-ci il 7 sentyabr tarixli Qərarı ləğv edilmişdir.

“Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrasının təmin edilməsi haqqında  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 12 mart 2024-cü il tarixində Sərəncam imzalanmışdır. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi,İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilməsi müəyyən edilmişdir.

Həmçinin “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması və Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 12 mart 2024-cü il tarixində Sərəncam imzalanmışdır. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi,Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Resspublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır.

Bundan başqa, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 21 fevral tarixli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 fevral tarixli Sərəncamından irəli gələn məsələlərin həll edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 13 mart 2024-cü il tarixində Sərəncam imzalanıb.Adıçəkilən Sərəncama əsasən “Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası, Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflərin hazırlanması üçün komissiyanın yaradılması və onun tərkibinin təsdiq edilməsi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi komissiyanın işini nəzarətdə saxlayaraq və Qoruğun sərhədləri və mühafizə zonası, Qoruğun ərazisinin xüsusi rejiminə dair qərar layihələrinin  aidiyyəti sənədlərlə birlikdə bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmələri müəyyən edilmişdir. 

Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qərarları ləğv edilmişdir.

Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin ştat cədvəli”nin təsdiq edilməsi haqqında”, jurnalistlərin Naxçıvan Muxtar Respublikası ərazisində cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Əlahiddə Ümumqoşun Ordusu ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə” və “Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən apostil şəhadətnaməsinin verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi haqqında” qərarları ləğv edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin 14 mart 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 31 mart tarixli Qərarında dəyişiklik edilmişdir.

Nəşr edilib : 15.03.2024 18:06