AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin məlumatı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilmiş, sərəncamlar imzalanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən Nazirlər Kabinetinin 2024-cü il 16 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin göstərdiyi ödənişli xidmətlərdən daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin icbari tibbi sığorta təminatına daxil edilməsi haqqında” qərarlar ləğv edilmişdir.

“Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliklərində publik hüquqi şəxslərin yaradılması barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 2024-cü il 22 fevral tarixində Sərəncam imzalanmışdır. Adıçəkilən Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.

Həmçinin Nazirlər Kabineti tərəfindən imzalanmış eyni tarixli Qərarı ilə  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının ştat sayının müəyyən edilməsi və “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının strukturunun və ştat sayının təsdiq edilməsi haqqında” Qərarı ləğv edilmişdir.

Nazirlər Kabinetinin 2024-cü il 22 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə və “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərinin iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmələri tapşırılmışdır.

Ali Məclis sədrinin Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Nazirlər Kabinetinin bəzi qərarları ləğv edilmiş, bəzi qərarlarında isə dəyişiklik edilmişdir.

Nazirlər Kabinetinin 2024-cü il 26 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun tabeliyində olan “Naxçıvan Gənclik Mərkəzi” Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilmişdir.

Bundan başqa, Nazirlər Kabinetinin 2024-cü il 28 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi təsdiq edilmişdir.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyi olan şəxslərin reabilitasiyası vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən qəbul olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.

Nəşr edilib : 01.03.2024 14:50