AZ EN RU

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Zəfər Parkını ziyarət edib

    Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə, səhər saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdə növbəti hərbi təxribatı ilə başladı. Mənfur düşmən yaşayış məntəqələrimizi, döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə tutdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev düşmənin təxribatının qarşısını almaq məqsədilə bütün cəbhəboyu əks-hücum əmri verdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə, xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu müharibədə Azərbaycan xalqı, əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi. 44 gün davam edən müharibə düşmənin acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Doğma torpaqlarımıza geri döndük, işğaldan azad edilmiş hər bir yurd yerimizə Azərbaycan Bayrağını sancdıq.
    Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il  2 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda Vətən müharibəsinin başlandığı gün – 27 sentyabr Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və Nazir­lər Kabinetinin kollektivi Zəfər Parkını ziyarət edib, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Naxçıvan Muxtar Respublikası

Nazirlər Kabinetinin mətbuat xidməti

Nəşr edilib : 27.09.2023 17:52