AZ EN RU

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 103 illiyi qeyd olunub

    Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərar ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib. Sonra müxtəlif adlarla fəaliyyətini davam etdirən qurum 2001-ci il mayın 1-dən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
    Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi muxtar respublikada maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır, qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edərək dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir.
    Qeyd olunub ki, ötən dövrlərdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnaməyə müvafiq əlavə və dəyişikliklər edilmiş, Nazirliyin Aparatı, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi və Nazirliyin yerli bölmələrindən ibarət strukturu formalaşmışdır. Hazırda nazirlik sistemində ümumilikdə, 176 əməkdaş fəaliyyət göstərir. 
    Çıxışının sonunda nazir müavini Həsən İsmayılov bütün əməkdaşları təbrik edib.
    Sonda nazirlik əməkdaşlarının çıxışları olub.

Naxçıvan Muxtar Respublikası Maliyyə 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.10.2023 18:49