AZ EN RU

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsinin vəsaitindən istifadə Qaydası

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

sədrinin 2023-cü il 17 noyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsinin (bundan sonra – Mərkəz) vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Mərkəzin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir.

1.3. Güzəştli maliyyələşmələrin, o cümlədən kreditlərin, lizinq vəsaitinin, təminatların və güzəştlərin aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və ailə kəndli təsərrüfatlarına (bundan sonra – sahibkarlıq subyektləri) çatdırılması müvəkkil banklar, bank olmayan kredit və lizinq təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və tam və ya qismən öz riskləri hesabına həyata keçirilir.

1.4. Bu Qaydanın 5.8-ci bəndinə uyğun olaraq təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Mərkəz tərəfindən qarşılanır. Mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən          90 (doxsan) təqvim günündən artıq gecikdirilmiş hissəsi (məbləği) başa düşülür.

1.5. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Mərkəzin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası (bundan sonra – Müsabiqə Komissiyası) yaradır. Müsabiqə Komissiyası regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini həyata keçirir. Müsabiqə Komissiyasının tərkibinə aidiyyəti dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndəsi də daxil edilə bilər.

1.6. Müsabiqə Komissiyası haqqında Əsasnaməni və kredit təşkilatlarının seçilmə meyarlarını Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təsdiq edir.

1.7. Müvəkkil kredit təşkilatlarının Mərkəzin hesabına qaytardığı kredit vəsaiti, habelə digər daxilolmalar (bu Qaydanın 5.9-cu və 5.10-cu bəndlərində nəzərdə tutulan vəsaitlər istisna olmaqla) yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.

2. Mərkəzin vəsaitindən istifadə istiqamətləri

2.1. Mərkəzin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:

2.1.1. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;

2.1.2. regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;

2.1.3. kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli şərtlərlə satışının, lizinqə verilməsinin və kreditləşməsinin maliyyələşdirilməsi;

2.1.4. heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;

2.1.5. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi;

2.1.6. bu Qayda ilə müəyyən edilmiş qaydada təminatın maliyyələşdirilməsi.

3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi

3.1. Vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Mərkəz arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi (limit) 1 000 000 (bir milyon) manatdır. Kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası müəyyən edir. Limit üzrə vəsait istifadə müddəti ərzində müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Müsabiqə Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilər.

3.2. Müvəkkil bankların Mərkəzdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər. Bank olmayan kredit təşkilatları üçün nizamnamə kapitalından artıq məbləğdə vəsaitin ayrılması bank qarantiyası əsasında həyata keçirilə bilər.

3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonunadək 80 faizdən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə limit üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının 1-dək və ya dekabr ayının 31-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və limitin istifadə edilməmiş və (və ya) müvəkkil kredit təşkilatlarının məlumatlarına əsasən istifadəsi nəzərdə tutulmayan hissəsi Müsabiqə Komissiyasının qərarı ilə ləğv edilir və (və ya) həmin maliyyə ili üzrə digər müvəkkil kredit təşkilatlarına ayrılır. Müvəkkil kredit təşkilatları limitin azaldılması və ya ləğv edilməsi barədə Mərkəzə müraciət edə bilərlər.

3.4. Bir il ərzində bir müvəkkil kredit təşkilatına ayrılan limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 30 faizindən çox ola bilməz.

3.5. Müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Mərkəzlə bağladıqları müqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Mərkəzə ödəməlidirlər.

3.6. Müvəkkil kredit təşkilatlarının Mərkəz qarşısında öhdəlikləri onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektlərinin kreditləri qaytarmasından asılı olmayaraq, müvəkkil kredit təşkilatları Mərkəz qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Mərkəz qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin qalıq məbləğinin 10 faizindən çox olmamaqla cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Mərkəz öz vəsaitinin qaytarılması üçün müvafiq tədbirlər görür.

3.7. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə, kredit təşkilatı məcburi ləğv edildikdə və ya müflis olduqda, Mərkəzin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Mərkəzin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış kredit təşkilatından digər müvəkkil kredit təşkilatına keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.

3.8. Kredit portfeli digər müvafiq kredit təşkilatına keçirilərkən müvəkkil kredit təşkilatının müraciəti əsasında Müsabiqə Komissiyasının müəyyən etdiyi qaydada kreditin müddəti bir ilədək uzadılmaqla bir dəfə restrukturizasiya oluna bilər.

4. Sahibkarlıq subyektlərinə güzəştli maliyyələşmə ilə

əlaqədar vəsait ayrılması və onlardan istifadə edilməsi

4.1. Sahibkarlıq subyektləri kreditlərin, lizinq vəsaitinin ayrılması və güzəştlərin verilməsi üçün müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkarlıq subyektinə müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatlarında bu müraciətə baxılır, həmin müraciət Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi layihələrin tərtib olunmasına dair tələblər və qiymətləndirmə meyarları əsasında təhlil edilir, müraciətin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq kreditin, lizinq vəsaitlərinin və ya güzəştin verilə biləcəyi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir).

4.2. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Mərkəzə təqdim edir. Mərkəz 15 iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir.

4.3. Mərkəz ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

4.4. Müraciətin təmin olunmasına dair qərar qəbul edildikdən sonra müvəkkil kredit təşkilatı vəsaitin ayrılması barədə Mərkəzə sifariş göndərir. Mərkəz sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 (bir) bank günü müddətində sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Mərkəzə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra müvəkkil kredit təşkilatı sahibkarlıq subyektinə vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən sahibkarlıq subyekti vəsaitdən istifadə edir. Sahibkarlıq subyektinə verilmiş kredit vəsaiti (bu Qaydanın 5.1.5-ci yarımbəndində nəzərdə tutulan güzəştli kreditlər və mərhələli qaydada maliyyələşdirilən layihələr üzrə verilən kreditin tranşları istisna olmaqla) yalnız tam həcmdə geri qaytarıldıqdan sonra ona Mərkəzin vəsaiti hesabına yenidən kredit ayrıla bilər.

4.5. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektləri vaxtından əvvəl faizləri və ya əsas borcu ödəyərsə, həmin faizlərin bu Qaydanın 5.8-ci bəndinə uyğun olan hissəsi və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 5 (beş) iş günündən gec olmayaraq Mərkəzin hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Mərkəzin hesabına köçürülməsini gecikdirdikdə, bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Vəsaitin köçürülməsi 15 (on beş) iş günündən çox gecikdirildikdə, Müsabiqə Komissiyası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər.

4.6. Mərkəz sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Mərkəzə köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilər. Belə müraciət daxil olduqda, Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən köçürmələrdə uyğunsuzluq aşkar edərsə, bu barədə Mərkəzə məlumat verir.

4.7. Sahibkarlıq subyektlərinin öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Mərkəz qarşısında məsuliyyət daşıyırlar.

5. Kreditlərin və lizinqlərin həddi, müddəti və faizləri

5.1. Sahibkarlıq subyektlərinə Mərkəzin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər və lizinq vəsaiti verilə bilər:

5.1.1. 15 000 manatadək - mikrokreditlər;

5.1.2. 15 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;

5.1.3. 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;

5.1.4. 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;

5.1.5. 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər və lizinq vəsaiti.

5.2. Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:

5.2.1. mikrokreditlər üçün - 3 ilədək;

5.2.2. kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;

5.2.3. irihəcmli kreditlər üçün - 5 ilədək.

5.3. Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir:

5.3.1. mikrokreditlər üçün - 12 ayadək;

5.3.2. kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək;

5.3.3. irihəcmli kreditlər üçün - 24 ayadək.

5.4. Sahibkarlıq subyektlərinə Mərkəzin vəsaiti hesabına yeni bağların salınması məqsədilə bu Qaydanın 5.1.1‒5.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş güzəştli kreditlər verildikdə həmin güzəştli kreditlərin müddəti 6 ilədək, kreditlər üzrə güzəşt müddəti isə 36 ayadək müəyyən edilir.

5.5. Kredit və lizinq müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 5 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 10 ildir. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə və lizinqlərə güzəşt müddəti şamil edilmir.

5.6. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir.

5.7. Sahibkarlıq subyektləri alınmış kreditlər və lizinqlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən (alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün alındığı gündən) sonra kredit və lizinq müqaviləsinə uyğun olaraq, növbəti aydan başlayaraq hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər.

5.8. Mərkəz bu Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Mərkəzin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Mərkəzin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün 7 faizdən, kənd təsərrüfatı kooperativlərinə veriləcək bütün növ kreditlər üçün isə 5 faizdən artıq olmamalıdır.

5.9. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit və lizinq vəsaitindən istifadəyə görə Mərkəzin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi, təminatla verilmiş mikrokreditlər üçün Mərkəzin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə Mərkəzin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldilir.

5.10. Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit və lizinq vəsaitindən istifadəyə görə Mərkəzin hesabına ödənilmiş faizlərin bu Qaydanın 5.9-cu bəndində nəzərdə tutulmuş hissəsi çıxılmaqla, xüsusi hesabda saxlanılan qalıq məbləğ Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, aylıq vəzifə maaşlarının 2 mislindən artıq olmayan məbləğdə əlavələrin və mükafatların verilməsinə, ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənilməsinə, Mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsinə, kredit təşkilatları ilə əməkdaşlığın təşkilinə, məlumatlandırma, reklam-təbliğat və marketinq işlərinin aparılmasına, Mərkəzin səmərəli fəaliyyəti üçün göstərilən konsaltinq xidmətlərinin və digər xidmətlərin haqqının ödənilməsinə, habelə kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi sahəsində elmi-texniki potensialın artırılmasına sərf edilir.

6. Mikrokreditlər üzrə təminatın verilməsi

6.1. Mərkəz tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır:

6.1.1. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faizədək hissəsini təşkil etdikdə:

TM = QİK - (QM x 6%), burada:

TM – təminatın məbləği;

QİK – təminatlı mikrokreditlər üzrə əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği);

QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel);

6.1.2. qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə:

TM = QM x 6%, burada:

TM – təminatın məbləği;

QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel).

6.2. Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Mərkəzə təqdim etdiyi gündən 10 (on) bank günü ərzində Mərkəz bu Qaydanın 6.1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir.

6.3. Mərkəz tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Mərkəzin riskinə aid olan hissəsini proporsional qaydada (Mərkəzin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Mərkəzə geri qaytarır.

7. Kənd təsərrüfatı istehsal vasitələrinin satışı və

lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi

7.1. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

7.1.1. texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;

7.1.2. idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Naxçıvan Muxtar Respublikasının büdcəsindən bunun üçün Mərkəzə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

7.1.3. texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və ya lizinq yolu ilə maliyyələşdirirlər. Maliyyələşmə məbləğinə bu Qaydanın 5.8-ci bəndinə uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.

7.2. Damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

7.2.1. müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir;

7.2.2. idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Naxçıvan Muxtar Respublikasının büdcəsindən bunun üçün Mərkəzə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

7.2.3. damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində kredit və lizinq yolu ilə maliyyələşdirirlər.

7.3. İdxal edilən damazlıq heyvanlar üzrə güzəştlər “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmiş damazlıq heyvandarlıq təsərrüfatlarına verilir.

7.4. Bu Qayda ilə müvafiq il üçün kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə alqı-satqısına tələb olunan vəsait Mərkəzin dövriyyə vəsaitindən (bu Qaydanın 5.8-ci bəndində nəzərdə tutulan 2% istisna olmaqla) və dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış vəsait çərçivəsində limitləşdirilir və mövcud qanunvericiliyə uyğun sifarişlər əsasında maliyyələşdirilir.

7.5. Kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışının, kreditinin və lizinqinin maliyyələşdirilməsi həmin vasitələrin təkrar satışına və lizinqə verilməsinə şamil olunmur.

8. Monitorinq və qiymətləndirmə

8.1. Müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Mərkəzin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində Mərkəzin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Mərkəzin hesabına köçürməlidir.

8.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Mərkəz maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Mərkəzin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Mərkəzin hesabına köçürülür. Mərkəzin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Mərkəz gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

8.3. Mərkəzin müəyyən etdiyi qiymətləndirici layihələrin və (və ya) maliyyəşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin qiymətləndirilməsini aparır.

8.4. Bu Qaydaya əsasən maliyyələşdirilməsi həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələrinin sığortalanmasını Mərkəzin müəyyən etdiyi şərtlərə uyğun olaraq sığortaçılar və (və ya) sığorta vasitəçiləri həyata keçirirlər.

8.5. Layihə üzrə müəyyən edilmiş şərtləri müvəkkil kredit təşkilatlarının pozması halları aşkar edilərsə, bu müvəkkil kredit təşkilatları layihədən kənarlaşdırılırlar və onlar borcalanların öz öhdəliklərini yerinə yetirməsindən asılı olmayaraq, kredit vəsaitini təxirə salınmadan Mərkəzə ödəyirlər. Mərkəz layihə üzrə müəyyən edilmiş şərtləri pozan müvəkkil kredit təşkilatları barədə məlumatı təxirəsalınmadan Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə təqdim edir.

8.6. Mərkəz qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə müvəkkil kredit təşkilatı Mərkəzin tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müxbir hesabından akseptsiz qaydada silinməsi haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı sərəncam verir. Bu sərəncam Mərkəzlə müvəkkil kredit təşkilatı arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam verilənədək qüvvədə qalır.

Nəşr edilib : 20.11.2023 16:31