AZ EN RU

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması və Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması və Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu istisna olmaqla), Nazirliyin təsisçisi olduğu hüquqi şəxslərin (gəlirləri saxlanma xərclərindən az olan qurumlar (hüquqi şəxslər) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) əldə edilən vəsaitin (dövlət rüsumu istisna olmaqla) sərəncamlarında qalan hissəsinin 50 faizi, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 faizi (Fondun saxlanması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 faizindən daha çox hissəsini təşkil etdikdə isə Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla qalan vəsait) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunur;

1.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş vəsait aşağıdakı qaydada bölüşdürülür:

1.2.1. 93 faiz Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını yaxşılaşdırmaq, Aparatının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar həmin Nazirliyin hesabına köçürülür;

1.2.2. 7 faiz Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülür.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görsün.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini 

Naxçıvan şəhəri, 29 fevral 2024-cü il

Nəşr edilib : 29.02.2024 15:30