AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

Martın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Duzdağ” Oteldə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı çıxış edərək, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bütün şəhid anaları və xanımlarının, vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramını təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Bildirilib ki, Azərbaycan qadını səmərəli fəaliyyəti ilə ölkənin iqtisadi, sosial və siyasi həyatında fəal iştirak edir. Azərbaycan həmkarlar ittifaqları da qadınların ictimai həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Şura sədri vurğulayıb ki, hazırda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərinin 51 faizini qadınlar təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsindən bəhs edib.
Tədbirdə çıxış  edən Vətən  müharibəsi şəhidi Vəli Quliyevin anası Həqiqət Quliyeva  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də dövlət qayğısı ilə əhatə olunmasına görə təşəkkürünü bildirib.
Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan danışıb.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşlarının 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladığı videoçarx  izlənilib, muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 17 qadına plaket və hədiyyələr təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib, tədbirdə iştirak edən bütün xanımlara gül dəstələri hədiyyə olunub.

Nəşr edilib : 07.03.2024 20:40