AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının genişləndirilmiş iclası keçirilib

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının genişləndirilmiş iclası keçirilib.

İclası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib və nizamnaməyə uyğun olaraq işinə xitam verilməsi ilə əlaqədar həm məclisə, həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yazılı müraciət edib. Buna görə də şuranın genişləndirilmiş iclasının keçirilməsi zərurəti yaranıb. Səttar Möhbalıyev eyni zamanda Anar İbrahimovun Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri işlədiyi müddətdə səmərəli fəaliyyətindən, şuranın nüfuzunun qaldırılması istiqamətində gördüyü işlərdən danışıb, ölkə Prezidenti tərəfindən ona etimad göstərildiyini qeyd edib, yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb.

Gündəlikdə duran məsələlər barədə məlumat verildikdən və gündəlik qəbul olunduqdan sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev şuranın yeni nizamnaməsində aparılan dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verib və nizamnamə qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin seçilməsi, Anar İbrahimovun Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə xitam verilməsi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri işlədiyi müddətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyindən danışıb, şuranın bundan sonrakı fəaliyyətində də cəmiyyətdə öz mövqeyini qoruyub saxlayacağına, xalqımıza faydalı işlərlə xidmət edəcəyinə əminliyini ifadə edib.

Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə Abdullayev Qəzənfər İsmayıl oğlunun namizədliyi irəli sürülüb, onun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının icraiyyə komitəsinə üzvlüyü təklif olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov Qəzənfər Abdullayevin səmərəli fəaliyyətindən bəhs edib, onu dəstəklədiyini bildirib.

Təklif səsə qoyularaq qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri seçilib, görülən işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Qəzənfər Abdullayev minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının bundan sonra da Azərbaycan Respublikası Prezidentinin başlatdığı milli inkişaf konsepsiyasına öz töhfəsini verəcəyini, muxtar respublikanın inkişafında fəal iştirak edəcəyini vurğulayıb. 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 18.05.2023 20:00