AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 2023-cü ilin 8 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilib

    Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında keçirilən iclası giriş sözü ilə açan Şuranın sədri Qəzənfər Abdullayev bildirib ki, son 8 ayın yekunlarına nəzər salsaq, görərik ki, ötən dövr Həmkarlar İttifaqları Şurasının fəaliyyəti uğurlu hadisələrlə yadda qalıb. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bağlı Şura, yığıncaqlar keçirib, ittifaq üzvlərini işçilərin əmək və hüquqi mənafelərini tənzimləyən bir çox müddəalar və hüquqi aktlar haqqında məlumatlandırıblar. 
    Qeyd olunub ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 28 aprel 2023-cü il tarixli məktubuna uyğun olaraq muxtar respublikamızda yaşayan 2700 aztəminatlı, şəhid və qazi ailələrinə 245.768  manat dəyərində ərzaq sovqatı verilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Şuranın dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında Gənc Heydərçilər üçün yay istirahət düşərgələri təşkil edilib. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay düşərgəsi”ndə xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən şəhid, qazi, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideynli 44 uşağın istirahəti təşkil edilib. Daha sonra isə gənc idmançılar üçün “Yay düşərgəsi” təşkil olunub. Bu proqramlarla yanaşı, hər həftənin şənbə və bazar günləri muxtar respublikanın nazirlik və komitələrinin, dövlət qulluqçularının və ailə üzvlərinin   mütəmadi olaraq istirahətləri həyata keçirilməkdədir.
    Şuranın sədri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən Qurban bayramı münasibətilə muxtar respublikada yaşayan şəhid, qazi, ahıl, aztəminatlı 1250 ailəyə ümumi dəyəri 118000 manat məbləğində olan sovqat yardımı göndərilib. 
    2023-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan 242 ailəyə ümumi dəyəri 54300 manat məbləğində maddi yardım göstərib.
    Bəhs olunan dövrdə “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na 50000 manat məbləğində vəsait köçürülüb.
    Diqqətə çatdırılıb ki, Həmkarlar  İttifaqları Şurasının iş strukturunda da müsbət dəyişikliklər aparılmış, yeni kadrlar işlə təmin olunmuşlar. Bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi, Ağbulaqda yerləşən Xizək Mərkəzi, Culfa rayonunda yerləşən “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və tikintisi başa çatmaqda olan “Darıdağ” arsenli su müalicə kompleksi, Darıdağ sanatoriyası Şuranın balansına keçirilib. Buna uyğun olaraq da yaxın gələcəkdə istirahət guşələrimizin sayını artırmaq üçün yeni düşərgələr açılacaq.
    Şuranın sədri qeyd edib ki, bu gün muxtar respublikada insanların  sağlamlığının qorunması, onların  müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində tədbirlər həyata keçirilir. İttifaq üzvlərinin sağlamlığının qayğısına qalınması da daim diqqətdə saxlanılır. Onların, eləcə də 26 şəhid ailəsinə  müxtəlif sanatoriyalarda müayinəsinin, müalicəsinin və istirahətinin qayğısına qalınır. 
    Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 100 nəfər məktəbli uşağa ümumi dəyəri 10 000 manat məbləğində maddi yardım ayrılıb. 
    Sonda AHİK-in yaranmasının 30 illik yubileyi münasibətilə 10 nəfər ittifaq üzvü “AHİK-in 30 illik Yubiley” döş nişanı və pul mükafatı ilə təltif olunub.

Ceyhun MƏMMƏDOV

 

Nəşr edilib : 08.09.2023 16:06