AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəaliyyəti uğurlu hadisələrlə yadda qalıb.

Ötən dövr ərzində Həmkarlar İttifaqları Şurasının iş strukturunda da müsbət dəyişikliklər aparılmış, yeni kadrlar işlə təmin olunmuşlar. Ağbulaq İstirahət Mərkəzi, Ağbulaqda yerləşən Xizək Mərkəzi, Darıdağ Arsenli Su Müalicə Mərkəzi MMC və Darıdağ Arsenli Su və Müalicə İstirahət Kompleksi şuranın himayəsinə verilib.

Bildirilib ki, bu ilin iyulun 27-28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkdilli dövlətlərin Həmkarlar İttifaqları Təşkilatları (Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) yaradılması ilə əlaqədar həm Bakıda, həm də Şuşada tədbirlər keçirilib. İyulun 28-də Şuşada türk dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatlarının yaradılması haqqında müqavilə imzalanıb. Sentyabrın 22-də Özbəkistanın paytaxtı Səmərqənddə və noyabrın 29-da isə Türkiyənin paytaxtı Ankarada müqavilələr imzalanıb. Qəzənfər Abdullayev qeyd edib ki, bu mötəbər tədbirlərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yaxından iştirak edib. 

Şuranın sədri vurğulayıb ki, 2023-cü ilin ötən dövrünə ümümi olaraq nəzər saldıqda Şura tərəfindən 540 nəfərə 133 min 616 manat maddi yardım göstərilib, 7700 nəfər aztəminatlı ailəyə sovqat payı göndərilib, 13 nəfər şəhid ailəsi üzvü və 11 nəfər qazi olmaqla 215 nəfər aztəminatlı ailə qəbulda olmuş, müraciətləri dinlənilib və problemləri yerindəcə həll edilib.

Şura sədri 2024-cü ildə komitə, təşkilat və onun üzvlərinə işlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının Ümumi işlər bölməsinin müdiri Nüsrəddin Əsədov çıxış edərək bildirib ki, 2023-cü ildə Şuranın aparatına və ona tabe olan muxtar respublika və Birləşmiş Həmkarlar İttifaqı Komitələrinə ümumilikdə 449 ərizə və şikayət daxil olub. Onlardan 43-ü əmək hüquqlarının müdafiəsi, 29-u həmkarlar ittifaqlarının işi, 377-si isə maddi yardımın verilməsi və sanatoriya yollayışı ilə əlaqədar olub. Bir neçə həmkarımız isə müvafiq işlə təmin olunub.

Daha sonra Dövlət və Bələdiyyə İdarələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Ülviyyə Novruzova, Təhsil İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası Komitəsinin sədri Qərənfil Cəmiyeva, Ordubad rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Mahir Şıxəliyev və Culfa rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Vahid Muradovun çıxışları dinlənilib.

Müşavirədə mövcud nöqsanlar və onların həlli yolları, cari il ərzində həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı müzakirələr aparılıb.

Nəşr edilib : 30.01.2024 19:52