AZ EN RU

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 40 nəfər qazi istirahətə göndərilib

28-29 fevral tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə 40 nəfər qazinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.
Mərkəzdə "Naxçıvan Qaziləri" İctimai Birliyinin üzvləri ilə çay süfrəsi arxasında görüş baş tutub.
İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Vətən müharibəsi iştirakçıları və qaziləri daim diqqətdə saxlayır. Onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atır.
Vurğulanıb ki, ötən dövr ərzində Şura tərəfindən 32 nəfər qazinin  müraciəti dinlənilib və ümumilikdə  5 min  manatdan artıq maddi yardım göstərilib. 1 nəfər qazinin isə Şərur rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsində məşğulluğu təmin edilib.
Diqqətə çatdırılıb ki, 5-6 mart tarixlərində digər qazilər də Ağbulaq İstirahət Mərkəzində olacaqlar. Şura tərəfindən ümumilikdə isə 101 nəfər qazinin bu imkandan istifadə etməyi nəzərdə tutulub.
AHİK sədrinin müavini bu cür layihələrin bundan sonra da uğurla həyata keçiriləcəyini bildirib. 
Sonra "Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov çıxış edərək qazilərin Şura tərəfindən diqqət və qayğı ilə əhatələnməsinə görə minnətdarlıq edib.
Digər çıxış edənlər isə qazilərə göstərilən maddi və mənəvi dəstəkdən razılıqlarını ifadə ediblər.
Çay süfrəsi arxasında səmimi şəraitdə keçən görüşdə qazilərin müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib. 
Sonda Şahbuz rayon Kolanı kənd Uşaq Musiqi Məktəbinin Musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, 2 günlük tədbir çərçivəsində qazilər Ağbulaq İstirahət və Xizək Mərkəzində mövcud olan bütün imkanlardan yararlana biləcəklər.

Nəşr edilib : 28.02.2024 18:17