AZ EN RU

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib

İlin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında nazirlik aparatının əməkdaşları, strukturunda və tabeliyində olan təşkilatların, müəssisələrin rəhbər və əməkdaşları, o cümlədən muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının nümayəndələri iştirak edib. İclasda ötən dövrdə görülən işlər, qazanılan uğurlar, eyni zamanda mövcud çatışmazlıqların həlli və gələcək planlarla əlaqədar müzakirələr aparılıb.

“Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 2024-cü ilin ötən dövrü ərzində öz işini təsdiq olunmuş İş Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, aktual məsələlər və perspektivlər üzərində qurmuş, müxtəlif tədbirlər, layihələr icra etmişdir. Hesabat dövrü ərzində nazirlik birbaşa və ya aidiyyəti təşkilatlarla birgə 97-si gənclərlə iş, 77-si idman sahəsində olmaqla, ümumilikdə, 174 tədbir keçirmişdir. Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin yad olunması, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də əlamətdar tarixi günlərin qeyd olunması məqsədilə silsilə tədbirlər təşkil olunmuşdur”. Bu sözləri nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov geniş məruzəsi zamanı səsləndirib.

Məcid Seyidov gənclərin sağlam həyat tərzinə cəlbi, vətənpərvər ruhda tərbiyəsi, hərtərəfli inkişafı, onlar üçün yeni iş və karyera imkanlarının yaradılması üçün davamlı olaraq layihələr icra olunduğunu, Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin xatirəsinin yad olunması, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, “Yaşıl dünya naminə həmrəylik ili”, COP29, eləcə də əlamətdar tarixi günlər ilə bağlı keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Ümumi fəaliyyət mexanizminin şaxələndirilməsi, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nöqsan və çatışmazlıqların həlli barədə danışan nazir müavini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə uğurla davam edən işgüzar əlaqələrin bəhrəsi olaraq Culfa, Babək və Şahbuz şəhərlərində “Sağlam məhəllə” idman zonalarının yaradılmasının qərara alındığını, bununla bərabər, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq digər şəhər və rayonlarımızda görüləcək işlərlə idman infrastrukturunun gücləndirilməsi işi bütün muxtar respublika ərazisini əhatə edəcək, diyarımızın əhalisi kütləvi şəkildə sağlam həyat tərzinə təşviq ediləcəyini bildirib.

Məcid Seyidov ötən il idmaçılarımızın qazandığı uğurlarla bağlı statistik göstəriciləri diqqətə çatdırıb: “Muxtar respublika idmançıları 2024-cü ilin ötən dövrü ərzində ölkə çempionatları və birinciliklərində 81, beynəlxalq turnirlərdə 6, Avropa çempionatlarında 3, dünya çempionatlarında 8 olmaqla, ümumilikdə 98 medal qazanıblar. Medallardan 35-i qızıl, 33-ü gümüş, 30-u isə bürüncdür. 20 idmançımız Azərbaycan çempionatı və birinciliklərinin qalibi olub”.

Tarixi nəticələrə imza atanlar arasında qız idmançıların olmasını muxtar respublikada qadın idmanının yüksəlişinə töhfə kimi dəyərləndirən Məcid Seyidov Röya Abdullayevanın 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı olduğunu, Fidan Paşayevanın həmin yarışdakı üçüncülüyünü, Xədicə Bayramovanın Dünya Şotokan Çempionatında 8-9 yaşlılar arasındakı 3 qat qalibiyyətini, Ləman Bağırovanın 15 yaşadək cüdoçular arasında ölkə birinciliyinin qalibi kimi muxtar respublikada belə bir uğura nail olan ilk qız cüdoçu olduğunu xatırladıb. Əli Əsgərovun Avropa çempionatında pauerliftinqin benç-press növündə həm qalib, həm də mütləq çempion adına layiq görülməsi, Dünya Şotokan Çempionatında Vüsal Seyidovun 1 qızıl, 1 gümüş, 1 bürünc, Məhəmməd Bağırovun isə 1 gümüş, 1 bürünc medal qazanması və müxtəlif idman növlərində qazanılan uğurlar yüksək qiymətləndirilib.

İclasda nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyevanın, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqovun aidiyyəti üzrə hesabatları dinlənilib, Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov gündəlikdə duran məsələlərdən biri kimi muxtar respublika yığma komandalarının məşqçi və idmançılarının təsdiqi barədə danışıb, bununla bağlı müəyyənləşdirilən siyahını diqqətə çatdırıb.

Gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi oxunub və kollegiya üzvlərinin səs çoxluğu ilə təsdiq olunub.

Kollektivə müraciətində hədəflərə nail olmaq üçün davamlı olaraq çalışmalı, tələb və tapşırıqların vaxtında icrasına, problemlərin operativ həllinə xüsusi önəm verməli olduqlarını ifadə edən Məcid Seyidov bildirib ki, nazirlik qarşıdakı dövrdə də işləri günün tələbləri səviyyəsində qurmağa çalışmalı, gənclərlə iş və idman sahəsində xidmət səviyyəsini, o cümlədən tədbirlərin keyfiyyətini daha da yüksəltməlidir. Kollektivə gələcək fəaliyyətində uğurlar arzulanıb.

 Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.06.2024 15:36