AZ EN RU

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev çıxış edərək muxtar respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və xalqımızın həyatında əlamətdar hadisəyə çevrildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, qədim, milli dövlətçilik ənənəsinin çoxəsrlik tarixi olan Naxçıvan hər zaman Azərbaycan dövlətçiliyinin sütunu olub, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək gətirib çıxarıb. 
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu bildirən fövqəladə hallar naziri Ulu Öndərin hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxladığını, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində də Tədbirlər Planı hazırlanıb və il ərzində silsilə tədbirlər həyata keçiriləcək. 
Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Ehtiram Məmmədov, nazirliyin şöbə rəisi Mirtaleh Seyidov çıxışlarında qeyd ediblər ki, 100 il tarixə malik Naxçıvan Muxtar Respublikası son 30 ildə tarixi inkişaf yolu keçib. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla, ləyaqətlə davam etdirilməsinin nəticəsidir ki, bu gün Naxçıvan inkişaf dövrünü yaşayır və muxtar respublika 100 illik yubileyini böyük nailiyyətlərlə qeyd edir.
Sonda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan videomaterial nümayiş olunub.

Nəşr edilib : 08.02.2024 17:20