AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu haqqında Ə S A S N A M Ə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 05 oktyabr tarixli 206-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

1. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu (bundan sonra - Fond) haqqında Əsasnamə “Ətraf mühitin mühafizəsi haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır.

2. Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması və kompensasiya verilməsi, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizənin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə yaşıllıqları mühafizə tədbirlərinin və ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən, müəyyən olunmuş qaydada istifadəyə verilən faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin ödənilməsindən, muxtar respublikanın mineral-xammal bazasının bərpası məqsədi ilə aparılacaq geoloji-kəşfiyyat işlərinin əlavə maliyyələşdirilməsinin təmin edilməsindən ibarətdir.

3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır:

3.1. təbiətdən istifadəyə görə ödəmələr;

3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər;

3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri;

3.5. qrantlar, könüllü ianələr;

3.6. təbiətə dəymiş ziyana görə ödəmələr;

3.7. yerin təkinin istifadəyə verilməsinə dair auksion və ya müsabiqənin keçirilməsindən əldə edilən gəlirlər;

3.8. mineral-xammal bazasının bərpası və möhkəmləndirilməsinə dair geoloji-kəşfiyyat işlərinin aparılmasında vahid texniki siyasətin həyata keçirilməsi üçün yer təki istifadəçilərinin, müəssisələrin könüllü ödənişləri;

3.9. Mineral-xammal bazasının bərpasına ayırmalar;

3.10. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar.

4. Mineral-xammal bazasının bərpasına ayırmalar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır.

5. Ayırmaların dərəcələri eyni növ mineral-xammal hasil edən bütün yer təki istifadəçiləri üçün eynidir.

6. Mineral-xammal bazasının bərpasına ayırmaların miqdarı faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən (mədən vergisi nəzərə alınmadan) faizlə müəyyən edilir (mineral-xammal bazasının bərpasına ayrılmaların obyektləri və dərəcələri bu Əsasnaməyə əlavə olunur).

7. Dəyərindən ayırmalar tutulan məhsullara aşağıdakılar aiddir:

7.1. bilavasitə faydalı qazıntılar-yanar şistlər, filizlər, yeraltı sular (şirin, mineral, termal, yodlu-bromlu), inşaat materialları istehsalı üçün xammal, qeyri-filiz xammalı, pyezooptik xammal, qiymətli, yarımqiymətli və məmulat daşları;

7.2. qara, əlvan, nadir metalların, kimyəvi mineral-xammalın konsentratları, eləcə də nəcib metallar.

8. Yerin təki istifadəçiləri tərəfindən istismar edilən faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin tamamilə ödənildiyi yataqlarda hasil edilmiş faydalı qazıntıların dəyərindən ayırmalar tutulmur.

9. Dövlət Fonduna yönəldilən vəsaitlər müəyyən olmuş qaydada Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin xüsusi hesabında cəmlənir və bu Fonddan olan bütün maliyyələşmələr həmin qurum vasitəsilə həyata keçirilir.

10. Ayırmaların məbləği, eləcə də geoloji-kəşfiyyat işlərinin aparılması üçün yer təki istifadəçilərinin öz vəsaitləri hesabına faktiki çəkdiyi xərclərin məbləği məhsulun istehsalına dair məsrəflərə aid edilir.

11. Fondun vəsaiti yerli maliyyə orqanlarının xəzinədarlığında toplanır və Fonddan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadə olunur. Eləcə də, Fondda toplanan  vəsait mineral-xammal bazasının bərpası məqsədi ilə aparılan geoloji-kəşfiyyat işlərinin məqsədli maliyyələşdirilməsinə yönəldilir və mənfəət əldə etmək üçün istifadə oluna bilməz.

12. Fondun vəsaitlərinin 0,5 faizi sənaye əhəmiyyəti kəsb edən faydalı qazıntı yataqlarının ilkin açılmasının və kəşfiyyatının həvəsləndirilməsi üçün istifadə edilir.

13. Mineral-xammal bazasının bərpasına dair geoloji-kəşfiyyat işlərinin istiqamət və həcmləri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır.

14. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.

15. Fondun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:

15.1. elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin aparılmasına, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;

15.2. təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

15.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən, təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə yetirilməsinə);

15.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;

15.5. Naxçıvan Muxtar Respublikasının ərazisində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki sənədlərin, normativ və texniki normativ hüquqi aktların işlənməsinə;

15.6. ekoloji maarifləndirmə və təhsilə (o cümlədən cəmiyyətdə ekoloji bilik və tərbiyənin təbliğinə, habelə konfrans və tədbirlərin keçirilməsinə);

15.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;

15.8. yaşıllıqların mühafizəsinə, o cümlədən onların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə;

15.9. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;

15.10. ətraf mühitin mühafizəsi, ekologiya və geoloji kəşfiyyat sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

15.11. ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;

15.12. ətraf mühitin mühafizəsi, ekoloji ekspertiza və geologiya sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə);

15.13. müəyyən olunmuş qaydada istifadəyə verilən faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin ödənilməsi;

15.14. mineral-xammal bazasının bərpası məqsədi ilə aparılacaq geoloji-kəşfiyyat işlərinin əlavə maliyyələşdirilməsi.

16. Sosial təminat və maddi həvəsləndirməyə yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.

17. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına görə yer təkinə dəymiş ziyanlardan daxil olan vəsaitin 25 faizindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi, ekoloji ekspertiza və geologiya sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.

18. Fonda daxil olan vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür.

19. Muxtar respublika və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir.

20. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.

21. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi nəzarət edir.

22. İl ərzində istifadə olunmamış Fond vəsaiti növbəti ilin hesabına keçirilir və Fondda saxlanılaraq ləğv edilməsinə yol verilmir.

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 05 oktyabr tarixli 206-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu haqqında Əsasnaməyə

Əlavə

Mineral-xammal bazasinin bərpasina

Ayirmalarin obyektləri və dərəcələri

Faktiki qazıntıların növləri

Faktiki qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən ayırmaların, faizlə

Yanar şistlər

3,0

Qara metallar (dəmir filizi, hematit, manqan)

2,0

Əlvan və nadir metallar (mis, sink, qurğuşun, civə, kobalt, molibden, alüminium xammalı)

3,0

Nəcib metallar (qızıl, gümüş)

5,0

Qeyri-filiz faydalı qazıntılar:

mişar daşı

4,0

üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı və s.)

3,0

seolit

4,0

barit

4,0

bentonit gilləri

4,0

kaolin, odadavamlı gillər

3,0

kərpic, kirəmid, keramzit, aqloporit istehsalı üçün gillər

2,0

vulkan külü ilə pemza

2,0

mineral piqmentlər

3,0

kvars qumları

2,0

tikinti qumları (o cümlədən bitumlaşmış)

2,0

sement xammalı (əhəng daşı, mergel, gil)

3,0

daş və göl duzu

2,0

çınqıl, çınqıl-qum qarışığı

3,0

qiymətli, yarımqiymətli və məmulat daşları, pyezooptik xammalı

3,0

gips, gəc

4,0

Yeraltı sular:                                                                   

 

yodlu-bromlu sular

3,0

mineral-termal sular

3,0

şirin sular

3,0

Nəşr edilib : 05.10.2023 17:51