AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikada su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə  qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

4. Agentliyin Aparatının işçilərinin say həddi 44 ştat vahidi müəyyən edilsin.

5. Agentliyin tabeliyində “Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi yaradılsın.

6. Bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

6.1.1. yenidən təşkili və ləğv edilməsi;

6.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:

6.2.1. nizamnamənin təsdiqi;

6.2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

6.3. Agentliyə:

6.3.1. bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

7.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

7.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat versin;

7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini:

Naxçıvan şəhəri, 20 may 2024-cü il

Nəşr edilib : 21.05.2024 11:17