AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 20 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) Naxçıvan Muxtar Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Naxçıvan Muxtar Respublikasının büdcəsi və qanunla qadağan olunmayan  digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Naxçıvan şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirmək;

2.1.3. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.1.4. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.5. Naxçıvan Muxtar Respublikasının ərazisində su təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görmək;

2.1.6. tabeliyindəki qurumların balansında olan su təsərrüfatı obyektlərinin təhlükəsiz istismarının və etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək və onların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

2.1.7. Naxçıvan Muxtar Respublikasının ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini həyata keçirmək;

2.1.8. su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirmək;

2.1.9. suvarılan torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə meliorasiya sahəsində xidmətləri inkişaf etdirmək, eləcə də suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;

2.1.10. su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin azaldılması sahəsində tədbirləri müəyyənləşdirmək və onların həyata keçirilməsini təşkil etmək;

2.1.11. su ehtiyatlarının inteqrasiyalı idarə olunmasını təşkil etmək;

2.1.12. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən su və su təsərrüfatı obyektlərində, hidrotexniki qurğularda və su təchizatı sistemlərində monitorinqlərin aparılmasını, aidiyyəti dövlət orqanı ilə birlikdə dövlət su kadastrının, habelə yerüstü və yeraltı suların dövlət uçotunun aparılmasını təmin etmək;

3.1.2. su obyektlərindən təyinatına görə istifadə edilməsinə dair monitorinq aparmaq;

3.1.3. suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlıqların, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı təkliflər vermək;

3.1.4. qanunla  nəzərdə tutulmuş hallarda və qaydada su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin, sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsi, tabeliyindəki qurum vasitəsilə su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunla nəzərdə tutulmuş sanitariya mühafizə zonalarının yaradılması  və ona nəzarətin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.5. su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və onlardan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müvafiq tədbirləri həyata keçirmək;

3.1.6. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə  tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təmin etmək;

3.1.7. təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflər hazırlamaq, sel və daşqın nəticələrinin aradan qaldırılması üçün su və su təsərrüfatı obyektlərinin tikintisi (bərpası) işlərinin həyata keçirilməsini təşkil etmək;

3.1.8. su təsərrüfatı tədbirlərini və su ehtiyatlarına perspektiv tələbatı müəyyən etmək, su obyektlərinin mühafizəsini və onlardan səmərəli istifadəni təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini hazırlamaq;

3.1.9. sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərin qarşısının alınması və içməli suyun keyfiyyətinin texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğunlaşdırılması ilə bağlı tədbirlər görmək;

3.1.10. tabeliyindəki qurumların balansında olan meliorasiya, irriqasiya,  su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərinin işlək vəziyyətdə saxlanılması üçün tədbirlər görmək;

3.1.11. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.1.12. su mühafizə zonalarındakı torpaqlardan istifadəyə qanunla nəzərdə tutulmuş qaydada razılıq vermək və bu ərazidəki fəaliyyətə nəzarəti təşkil etmək;

3.1.13. hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə təkliflər vermək;

3.1.14. su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin  obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması üçün tədbirlər görmək;

3.1.15. dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısını tərtib etmək;

3.1.16. su obyektlərinin istifadəçiləri və su istehlakçıları tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunun aparılmasına nəzarət etmək və bu məqsədlə istifadə olunan avadanlıq və cihazların vəziyyətinə dair aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə monitorinq aparmaq;

3.1.17. su obyektlərinin təyinatından asılı olaraq, suyun tələbata uyğun paylaşdırılması üçün tədbirlər görmək;

3.1.18. su ehtiyatlarından istifadə sahəsində proqnoz və layihələr hazırlamaq;

3.1.19. su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müəyyən etmək;

3.1.20. suların axım rejiminə, keyfiyyətinə və istifadəsinə dair məlumatların toplanılmasını və təhlilini təmin etmək;

3.1.21. təbii fəlakət və texnogen qəzalar nəticəsində su obyektlərində, meliorasiya, irriqasiya,  su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində, habelə bərpa və yenidənqurma işlərinin təşkilində iştirak etmək;

3.1.22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinə dair rəy vermək;

3.1.23. aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə ölkə, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasını təmin etmək;

3.1.24. meliorasiya, irriqasiya,  su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, tikintiyə icazə verilməsinə dair rəy vermək, tabeliyindəki qurum vasitəsilə tikinti obyektlərinin istismarına icazə üçün istismara hazır olması barədə sənədlər vermək;

3.1.25. daşqın və subasma zonalarının müəyyənləşdirilməsində iştirak etmək;

3.1.26. sulardan istifadə və onların mühafizəsi sahəsində qanunla müəyyən edilmiş tələbləri pozan şəxslərə qarşı qanunla müəyyən edilmiş tədbirlər görmək;

3.1.27. müvafiq sahədə “Coğrafi İnformasiya Sistemi”nin (GİS) formalaşdırılmasını, aparılmasını və təkmilləşdirilməsini həyata keçirmək;

3.1.28. su ehtiyatlarının idarə edilməsi sahəsində müasir metodların tətbiqi  üçün tədbirlər görmək;

3.1.29. transsərhəd su obyektlərinin, hidrotexniki qurğuların, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarının təmin edilməsi üçün tədbirlər görmək;

3.1.30. transsərhəd su obyektlərindən, hidrotexniki qurğulardan, meliorasiya və irriqasiya sistemlərindən istifadə sahəsində beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.31. sudan ödənişli istifadənin həyata keçirilməsini təşkil etmək;

3.1.32. qanunla  nəzərdə tutulmuş qaydada su obyektlərindən balıqçılıq üçün istifadəyə razılıq vermək, sututarları və ya onların müəyyən hissələrini idman və həvəskar balıq və digər su bioresurslarının ovu üçün ayırmaq;

3.1.33. xüsusi qorunan su obyektlərinin ölkə, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi barədə təkliflər vermək;

3.1.34. meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin pasportlaşdırılmasını həyata keçirmək və kadastrını aparmaq;

3.1.35. hidrotexniki qurğuların dövlət reyestrini aparmaq;

3.1.36. dövlət mülkiyyətində olan meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması, qış otlaqlarının su təminatı sistemlərinin istismarını, sel və daşqınlara qarşı mübarizə tədbirlərini, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil etmək;

3.1.37. Sudan İstifadəedənlər Birliklərinin (bundan sonra – Birliklər) xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchizatını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.38. Birliklərin istifadəsində olan sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.39. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Birliklərin reyestrini aparmaq və onların fəaliyyətinə dövlət nəzarətini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.40. meliorasiya və irriqasiya sahəsində proqramlar hazırlamaq və həyata keçirmək;

3.1.41. su və su təsərrüfatı obyektlərindən götürülən suların bölüşdürülməsini və sudan istifadəyə nəzarəti həyata keçirmək;

3.1.42. suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu tabeliyindəki qurum vasitəsilə təşkil etmək və monitorinqini aparmaq;

3.1.43. meliorasiya və irriqasiya sistemlərinin layihələrinin dövlət ekspertizasını həyata keçirmək;

3.1.44. suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarına nəzarəti tabeliyindəki qurumlar vasitəsilə həyata keçirmək;

3.1.45. tabeliyindəki qurumların balansında olan meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək;

3.1.46. sudan istifadə ilə bağlı dövlət tənzimləməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşdırılmasında iştirak etmək və bu sahədə təkliflər vermək;

3.1.47. qanunla nəzərdə tutulmuş qaydada tullantı sularının axıdılması üçün su obyektlərindən istifadə edilməsinə razılıq vermək və ya tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasını məhdudlaşdırmaq, dayandırmaq və ya qadağan etmək;

3.1.48. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin və göllərdən su buraxılmasının qarşısının alınması üçün tədbirlər görmək;

3.1.49. suvarma sistemləri üzrə sudan istifadəyə dair ümumsistem planlarını təsdiq etmək;

3.1.50. müəyyən müddət üçün sudan istifadə limitlərini tabeliyindəki qurum vasitəsilə müəyyən etmək, qanunla müəyyən edilmiş hallarda və qaydada su ehtiyatlarından istifadəyə icazə vermək;

3.1.51. su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;

3.1.52. su təchizatı üçün suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı sahəsində fəaliyyəti təşkil etmək;

3.1.53. yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;

3.1.54. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təkliflər vermək;

3.1.55. müvafiq sahədə dövlət proqramlarının hazırlanmasında iştirak etmək;

3.1.56. müvafiq sahənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinə uyğun proqnoz və layihələrin hazırlanmasını təşkil etmək;

3.1.57. müvafiq sahə üzrə tövsiyə xarakterli metodiki sənədlər hazırlamaq və onları təsdiq etmək;

3.1.58. müvafiq sahə üzrə statistik uçotun aparılmasını təmin etmək;

3.1.59. müvafiq sahə üzrə peşə və kadr hazırlığı, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.60. müvafiq sahəyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və qanunla qadağan olunmayan digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.61. qanunvericilikdə müəyyən edilmiş qaydada malların alınması, xidmətlərin göstərilməsi, işlərin görülməsi üçün dövlət satınalmalarının təşkilini həyata keçirmək;

3.1.62. müvafiq sahədə elektron xidmətlərin təşkilini təmin etmək;

3.1.63. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.64. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.65 dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.66. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.67. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini  təmin etmək;

3.1.68. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.69. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.70. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. müvafiq sahəyə investisiyaların cəlb olunması üçün aidiyyəti üzrə təkliflər vermək;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.6. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin strukturunu, Agentliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri müəyyən edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Konstitusiyasının 139-cu maddəsinin I hissəsinin 5-ci bəndinə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndinə və 5-ci maddəsinin II hissəsinin 7-ci bəndinə əsasən vəzifəyə təyin və vəzifədən azad olunan sədr rəhbərlik edir. Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün sədr şəxsən məsuliyyət daşıyır.

5.4. Sədrin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 2 (iki) müavini vardır. Sədrin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Sədr:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (və ya əsasnamələrini) təsdiq edir, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

5.5.5. Agentliyin Aparatının işçilərini, habelə Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini, onların müavinlərini və Sədr tərəfindən təsdiq edilmiş kadr nomenklaturası üzrə digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. Agentliyin işçilərinə, strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdimat verir;

5.5.7. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.8. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.10. Agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.11. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir.

5.6. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər.

5.8. Agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin müavinlərindən və Agentliyin digər rəhbər işçilərindən ibarət tərkibdə Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Agentliyin Kollegiyasının üzvlərinin sayını və tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.10. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.11. Agentliyin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.11.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və ya Nazirlər Kabineti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktları;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.11.5. sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulan normativ hüquqi aktları;

5.11.6. bu Əsasnamənin 5.11.1 – 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktları ləğv edən və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.

5.12. Agentliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Agentliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, sədr bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Agentliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının), habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

5.16. Agentlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

Nəşr edilib : 21.05.2024 11:20