AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika  Xidmətində keçirilən iclasda xidmətin rəisi Namiq  Paşayev muxtar respublikada mövcud olan elektrik stansiyalarının 2022-ci ilin yanvar-avqust ayları üzrə fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bu dövrdə 319 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib. Bunun 27,1 faizi su, 60,3 faizi istilik, 12,6 faizi isə Günəş Elektrik stansiyalarının payına düşür. Həmçinin, alternativ və bərpa olunan enerji mənbələrində 126 milyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 39,7 faizini təşkil edir. Sözügedən aylarda elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi də davam etdirilir, alternativ və bərpaolunan enerji mənbələrindən daha geniş istifadə istiqamətində işlər aparılır. Belə ki, hesabat dövründə Şərur rayonu ərazisində 3 meqavat gücündə Günəş Elektrik Stansiyası istismara verilib, həmin ərazidə yeni 3 meqavat Günəş Elektrik Stansiyasının layihələndirmə işlərinə başlanılıb. Hazırda Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiya tipli 36 meqavat gücündə “Ordubad” və gücü 15,6 meqavat olacaq “Tivi” Su Elektrik Stansiyalarının tikinti-quraşdırma işləri davam etdirilir. Həmçinin Ordubad rayonunda gələcəkdə külək turbinlərinin istismarının texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb və lazımı ölçmə işləri aparılıb. Culfa rayonunda isə yeni 10 ədəd 30 meqavat gücündə külək turbinlərinin quraşdırılması işləri görülüb. 
Xidmətin rəisi sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə  bağlı keçirilən müşavirədə verilən tapşırıqları diqqətə çatdırıb. Bildirib ki,  payız-qış mövsümü ilə bağlı  tədbirlər  planında nəzərdə tutulanlar məsuliyyətlə icra ediləcək, abonentlərin etibarlı enerji ilə təmin edilməsi diqqətdə saxlanılacaq.
Sonra məruzə ətrafında çıxış edənlər 2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görüləcək işlər barədə məlumat veriblər.

Xəbərlər şöbəsi

 

Nəşr edilib : 10.09.2022 16:49