AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin N İ Z A M N A M Ə S İ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 16 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) muxtar respublikada dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə strateji əhəmiyyətli mallarla təchizatı təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində (bundan sonra – müvafiq sahə) tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.

1.6. Agentlik Naxçıvan şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını və mühafizəsini təmin etmək;

2.1.4. Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını və yenilənməsini (əvəzlənməsini) həyata keçirmək;

2.1.5. dövlət və səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək;

2.1.6. muxtar respublikanın strateji əhəmiyyətli mallarla təchizatının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görmək;

2.1.7. müvafiq sahə üzrə qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, fəaliyyəti əlaqələndirmək, monitorinqlər aparılmasını təşkil etmək və proqnozlaşdırmada iştirak etmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət və səfərbərlik ehtiyatlarının çeşidi və həcmi barədə tələbatı öyrənmək və həmin ehtiyatların yaradılması məqsədilə dövlət sifarişinin hazırlanması üçün tədbirlər görmək, o cümlədən müqavilələr bağlamaq;

3.1.3. dövlət və səfərbərlik ehtiyatları ilə təminatın yuxarı və ya aşağı həddinə dair, eləcə də onların idarə olunması ilə bağlı təkliflər vermək;

3.1.4. dövlət və səfərbərlik ehtiyatlarının növü nəzərə alınmaqla saxlanılmasını və mühafizəsini təmin etmək;

3.1.5. dövlət orqanları (qurumları), habelə müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, saxlanılması, vaxtında yenilənməsi (əvəzlənməsi) və istifadəsi ilə bağlı dövlət sifarişlərinin icrasını təmin etmək;

3.1.6. dövlət və səfərbərlik ehtiyatlarının uçotunu təşkil etmək, həmçinin onların zəmanət və yararlılıq müddətlərinin nəzarətdə saxlanılmasını təmin etmək, bu məqsədlə müntəzəm olaraq həmin ehtiyatların yenilənməsi (əvəzlənməsi) ilə bağlı tədbirlər görmək;

3.1.7. dövlət və səfərbərlik ehtiyatlarına münasibətdə kəmiyyət və keyfiyyət nəzarətini həyata keçirmək, habelə mülkiyyət formasından asılı olmayaraq dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərində həmin ehtiyatların yaradılması, saxlanılması, yenilənməsi (əvəzlənməsi) və istifadəsi zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;

3.1.8. dövlət və səfərbərlik ehtiyatlarının yenilənməsi (əvəzlənməsi) zamanı yenilənən (əvəzlənən) malların dövlət orqanlarının (qurumlarının) ehtiyaclarının ödənilməsi üçün satışını təşkil etmək;

3.1.9. dövlət və səfərbərlik ehtiyatlarının satınalınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görmək;

3.1.10. strateji əhəmiyyətli malların siyahısı ilə bağlı təkliflər vermək, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından daxili və xarici bazarları mütəmadi monitorinq etmək və qiymətlərin kəskin dəyişməsi risklərini müəyyən etmək;

3.1.11. muxtar respublikanın strateji əhəmiyyətli mallarla təchizatının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə tədbirlər görmək;

3.1.12. fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması, habelə humanitar yardım məqsədilə dövlət ehtiyatlarından istifadə edilməsi ilə bağlı təkliflər vermək;

3.1.13. aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin siyahısını təsdiq etmək və buna uyğun olaraq tədbirlər görmək;

3.1.14. mülkiyyət formasından asılı olmayaraq muxtar respublika ərazisi üzrə dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin optimal bölüşdürülməsi, genişləndirilməsi və yenilərinin yaradılması ilə bağlı təkliflər vermək;

3.1.15. dövlət və səfərbərlik ehtiyatlarının mövcud vəziyyəti və yenilənməsi (əvəzlənməsi) ilə bağlı hesabat formasını hazırlamaq və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.1.16. qanuna uyğun olaraq, Dövlət Taxıl Fonduna sərəncam vermək;

3.1.17. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.18. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri qanunvericiliyə uyğun olaraq təşkil etmək;

3.1.19. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.20. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.21. Agentliyə ayrılan dövlət büdcəsi vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.22. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.23. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.24. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.25. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.26. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin qəbul olunması, aktlarda dəyişiklik edilməsi, aktların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.4. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.5. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;

3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.7. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

4.2. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

4.3. Direktorun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

4.4. Direktorun müavini direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

4.5. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

4.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.5.2. Agentliyin fəaliyyətinə dair icrası məcburi olan əmrlər                          və göstərişlər verir;

4.5.3. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.5.4. növbəti il üçün dövlət büdcəsinin layihəsinə daxil etmək məqsədilə dövlət ehtiyatları sisteminə aid ediləcək xərclərin strukturu və məbləği barədə təkliflər hazırlayır;

4.5.5. Agentliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.5.6. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.5.7. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə aidiyyəti üzrə təkliflər verir;

4.5.8. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.5.9. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.5.10. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində iştirak edir, müvafiq orqan və qurumlarda Agentliyi təmsil edir;

4.5.11. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını, müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4.5.12. qanunvericiliyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

5. Agentliyin əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.2. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

5.3. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

6. Agentlikdə uçot və hesabat

6.1. Agentlik qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə və statistik hesabatları tərtib edir.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edilir.

7. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.

Nəşr edilib : 16.02.2022 17:42