AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin internet saytı yenilənib

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müasir proqram təminatı əsasında yenidən hazırlanmış internet saytı supremecourt.nakhchivan.az iyul ayının 15-də istifadəyə verilib.
    İnternet saytı məhkəmə-hüquq sistemində həyata keçirilən innovativ yeniliklərə və müasir iş prinsiplərinə uyğunlaşdırılaraq yenilənib. Saytın yenilənməsində məqsəd istifadəçilərin rahatlığını təmin etmək və saytı müasir tələblərə uyğunlaşdırmaqdır. İngilis və rus dillərində də fəaliyyət göstərən yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. 
    İstifadəçilər saytın müvafiq menyuları vasitəsilə məhkəmə barədə məlumatları əldə edə, onlara lazım olan hüquqi aktların və məhkəmə sənədlərinin məzmunları ilə tanış ola, mətbuat xidmətinin fəaliyyəti ilə bağlı məlumatlana, həmçinin “Hüquqi maarifləndirmə” bölməsi vasitəsilə hüquqi maarifləndirici materiallardan yararlana bilərlər. Vətəndaşların ədalət mühakiməsinə çatımlılığını daha da asanlaşdırmaq saytın yenilənmiş tərtibatında xüsusilə nəzərə alınıb. Bu məqsədlə interfeysdə zəruri məlumatların və müvafiq keçidlərin olduğu yeni bölmə yaradılıb. Belə ki, istifadəçilər “Vətəndaşlar üçün” bölməsinin tərkibindəki panellər vasitəsilə apelyasiya və kassasiya şikayətlərinin verilmə qaydaları ilə tanış ola, həmçinin elektron kabinetlərə keçid edərək elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə, şikayət və vəsatətlərini verə, məhkəmənin icraatında olan işlərinin istənilən mərhələsində lazımi prosessual hərəkətləri həyata keçirə bilərlər. Həmçinin eyni bölmədə olan “Məhkəmə rüsumlarının ödənilməsi” başlıqlı keçid vasitəsilə məhkəmələrə müraciət zamanı elektron qaydada dövlət rüsumunun ödənilməsi imkanı nəzərdə tutulmuşdur. İstifadəçilər, eyni zamanda “Baxılan işlər” və “Məhkəmə aktları” panellərindən istifadə etməklə məhkəmənin icraatında olan işlər barədə məlumatlana, çıxarılmış məhkəmə aktlarının anonimləşdirilmiş məzmunu ilə tanış ola bilərlər.   
    İstifadəçilərin daha çox müraciət etdikləri “Əlaqə”, “Qəbul qrafiki” və “Onlayn müraciət” yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub. 
    Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. İstifadəçilər saytın “Xidmətlər” hissəsində “Dövlət rüsumunun hesablanması kalkulyatoru” və “Sənədlərin nümunələri” vasitəsilə məhkəməyə müraciət etmək üçün zəruri hüquqi məlumatları ala, lazımi vəsaitlə təmin oluna bilərlər. Saytın həmin hissəsində “Nəşrlərimiz” bölməsi vasitəsilə Ali Məhkəmənin bülletenləri, həmçinin digər nəşrləri ilə tanış ola bilər, “Elektron kitabxana” panelindən istifadə etməklə Azərbaycan Milli Kitabxanasının, Naxçıvan Muxtar Respublika Kitabxanası və Prezident Kitabxanasının hüquq sahəsinə dair ədəbiyyatından, həmçinin Ali Məhkəmənin elektron bazasındakı materiallardan istifadə edə bilərlər.
    Saytda, həmçinin “Naxçıvan Muxtar Respublikası məhkəmələri” başlıqlı panel vasitəsilə Naxçıvan Muxtar Respublikasında yerləşən digər məhkəmələrin Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalında mövcud olan səhifəsinə keçid edərək zəruri məlumatları əldə etmək imkanı nəzərdə tutulmuşdur. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yenilənən sayt istifadəçi rahatlığını təmin etmək üçün müasir üslubda tərtib edilib, kompüter, planşet və smartfonların ekran ölçülərinə uyğun hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ali
 Məhkəməsinin mətbuat xidməti

Nəşr edilib : 15.07.2022 20:22