AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində məhkəmə simulyasiyası keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Ali Məhkəmədə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə səhnələşdirilmiş məhkəmə prosesi təşkil olunub.

Simulyasiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən cinayət prosesinin məhkəmə baxışı mərhələsi səhnələşdirilib.

Səhnələşdirilmiş məhkəmə prosesində oğurluqda təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəmə baxışı canlandırılıb. Məhkəmə baxışının gedişində məhkəmə istintaqının aparılması, tərəflərin və şəhid ifadələrinin alınması, müşavirə otağında məhkəmə hökmünün hazırlanması və hökmün elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri İlqar Mirzəyev, Səxavət Bəylərli və Fərman Abbasov münsif qismində tələbələrin iştirakını izləyiblər. Məhkəmə simulyasiyasından sonra simulyasiya üzrə münsif hakimlərlə tələbələrin görüşü keçirilib səhnələşdirilmiş məhkəmə prosesinin nəticələri müzakirə olunub. Tələbələrin diqqətinə çatdırılıb ki, bu qəbildən tədbirlərin yetişməkdə olan gənc hüquqşünasların gələcək peşə vərdişlərinin formalaşdırılmasındakı rolu danılmazdır. Görüş zamanı Məhkəmənin Naxçıvan Dövlət Universiteti ilə imzaladığı Memorandum diqqətə çatdırılıb və qeyd olunub ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin diqqət mərkəzindədir və gələcəkdə də bu qəbildən layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbir məhkəmə simulyasiyasında müvafiq rolları canlandıran tələbələrə sertifikatların təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Nəşr edilib : 15.03.2024 09:05