AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib

Noyabrın 7-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

  1. Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı
  2. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin təsdiq edilməsi
  3. Cari məsələlər

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələnin müzakirəsi zamanı qeyd edib ki, Zəfərimizin üçüncü ildönümü Xankəndidə hərbi paradla qeyd olunacaq. Bu tarixi günü Azərbaycan xalqına bağışlayan möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə daim minnətdarıq. Qərara alındı ki, siyasi qurum olaraq Ali Məclis də bu məsələyə münasibət bildirsin.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Ali Məclisin deputatları – Aidə Cəlilzadə, Elman Cəfərli, Yeganə Məmmədova, Nüsrət Həsənov, Vüqar Abbasov və İsa Məmmədov çıxış ediblər.

Çıxışlarda deputatlar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Tarixi Zəfərimizin üçüncü ildönümü ilə bağlı təbriklərini çatdırıblar. Millət vəkilləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şanlı ordumuz və onun ətrafında “dəmir yumruq” kimi birləşən xalqımız ilə birlikdə Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətini – işğal altında olan torpaqlarımızın azad olunması missiyasını yerinə yetirdiyini, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpasını təmin etdiyini diqqətə çatdırıblar. Tarixə qızıl hərflərlə yazılan Zəfər Gününün ölkə tarixinin ən şərəfli və parlaq səhifələrindən biri olduğu vurğulanıb. 

Bildirilib ki, dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edib, onun güclü siyasi, iqtisadi və hərbi potensialı yaradılıb, doğma torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan gənc nəsil yetişdirilib. Hərbi potensialın gücləndirilməsi, müasir ordu quruculuğu istiqamətində görülən işlər, ölkə başçısının ətrafında sıx birləşən gənclik və onların döyüş əzmi, rəşadəti, peşəkarlığı sayəsində işğal altında olan şəhər və kəndlərimiz, Qarabağın tacı olan Şuşanın mənfur düşməndən təmizlənməsi xalqımızın gücünü, həmrəyliyini bütün dünyaya bir daha göstərdi. Düşünülmüş daxili və xarici siyasət, Prezident-Xalq birliyi şanlı qələbənin əldə olunmasında mühüm rol oynadı.   

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən  müharibəsində, eyni zamanda informasiya savaşında əldə etdiyimiz tarixi Zəfər təkcə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın əsarətdən qurtarılması, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnmədi, eyni zamanda müharibə qaydalarına əməl etməklə ölkəmiz Azərbaycan xalqının ləyaqətli simasını bütün dünyaya bir daha nümayiş etdirdi. Əldə etdiyimiz şanlı qələbənin təməlində ölkə başçısının siyasi səriştəsi, rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu islahatlar dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirməyə başladığı quruculuq və inkişaf strategiyasını davam və inkişaf etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirdi. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri isə erməni silahlı dəstələrinin tərk-silah edilməsi və dövlətimizin suverenliyinin onun bütün ərazisində bərpa olunması ilə nəticələndi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı bildirib ki, Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının layihəsi hazırlanıb.

Ali Məclisin deputatı Vüsalə Əliyeva Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat səsə qoyularaq qəbul edilib. (Bəyanatın mətni qəzetin bugünkü nömrəsində dərc olunur)

Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Anar İbrahimov qeyd edib ki, cari ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasında struktur islahatlarına start verilib. Struktur islahatları müxtəlif sahələri əhatə edib və bu prosesin məqsədi müxtəlif sahələrdə idarəetmənin optimallaşdırılması, mərkəzi strukturlara uyğunlaşdırmaq, səmərəliliyin artırılması və pərakəndəliyin aradan qaldırılması olub. Artıq müxtəlif sektorlarda bu proseslər başlanılıb və davam etdirilməkdədir. Əminik ki, bu prosesin sonunda Naxçıvan Muxtar Respublikasında çevik, səmərəli və şəffaf idarətmə sistemi qurulacaqdır. Bu da, təbii ki, möhtərəm Prezidentimizin, bütövlükdə, islahat konsepsiyasının tərkib hissəsidir. Konkret qida təhlükəsizliyi sahəsinə gəldikdə, bilirsiniz ki, bu sahə muxtar respublikada ölkədən fərqli olaraq vahid mərkəzi icra hakimiyyəti strukturunda deyil, bir neçə strukturlarda həyata keçirilirdi. Bu da strateji sahə olan qida təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində bir sıra problemlər yaradırdı. Bu səbəbdən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Ali Məclis sədrinin 3 noyabr 2023-cü il tarixli müvafiq fərmanı ilə agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə onun əsasnaməsi və strukturu təsdiq edilib, hökumətə isə agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Hazırkı mərhələdə agentliyin idarə edilməsi prosesinin təmin olunması gündəlikdədir. Agentlik mərkəzi icra hakimiyyəti orqanı statusunda olan təsisastdır, yəni onun rəhbəri muxtar respublika hökumətinin üzvü statusundadır.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 36-cı maddəsinin II hissəsinə əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 4-cü bəndi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibinin təsdiqi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərdən biri olub. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndi ilə müəyyən edilib. Eyni zamanda “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin 54-cü maddəsində Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru müəyyən olunub. Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2023-cü il 6 noyabr tarixli təqdimatı Ali Məclisə daxil olub.

Təqdimat oxunduqdan sonra qanunvericiliyə müvafiq olaraq təklif müzakirəyə çıxarılıb, namizəd Nəsirov Səfəralı Üzeyir oğlu haqqında məlumat verilib.

Nəsirov Səfəralı Üzeyir oğlunun Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təsdiq edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi səsə qoyulub, Nəsirov Səfəralı Üzeyir oğlu Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təsdiq edilib.

Səfəralı Nəsirov qarşıdan gələn Zəfər Günü və digər bayramlar münasibətilə təbriklərini çatdırıb, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqmətlərindən, bu sahədə ölkə və muxtar respublika üzrə görülən işlərdən danışıb. Göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, Naxçıvanda qida təhlükəsizliyi sahəsində fəaliyyətin möhkəm təməl üzərində qurulmasına, bununla da qida təhlükəsizliyi haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş dövlət nəzarətinin təşkilinə və həyata keçirilməsinə nail olunacaq. 

Cari məsələlərin müzakirəsi zamanı 17 saylı Çalxanqala Seçki Dairəsindən deputat Ehtimad Məmmədov bildirib ki, təmsil etdiyi seçki dairəsi Xok, Yeni Kərki, Xıncab, Təzəkənd və Çalxanqala kəndlərini əhatə edir. Kəngərli rayonunun Böyükdüz, Yeni Kərki və Xok kəndlərinin suvarma suyuna olan ehtiyacı tamamilə ödənilib. Son dövrlərdə insanların problemlərinə müvafiq dövlət qurumlarının həssas yanaşması, bu kəndlərdə suya olan tələbatın ödənilməsində mühüm rol oynayıb. Digər kəndlərdə qismən problemlər mövcuddur. Rayonun Təzəkənd, Xıncab və Çalxanqala kəndlərində su çatışmazlığı mövcuddur. Təzəkənd və Xıncab kəndlərinin 449 hektar pay torpağı, 64 hektar həyətyanı sahəsi, Çalxanqala kəndinin isə 501 hektar pay torpağının bir hissəsi, Böyükdüz kəndinin 941 hektar pay torpağı, ümumilikdə, 1400 hektara yaxın əkinəyararlı torpaq Uzunoba gölündən gələn su ilə suvarılır. Göldə suyun azlığı, quraqlıq və digər səbəblərdən suyun vaxtlı-vaxtında verilməsi gecikdirilir. Bu isə əkinçiliyin inkişafına mənfi təsir göstərir. Ehtimad Məmmədov Böyükdüz kəndi yaxınlığında pay torpağı olmayan 2200 hektar əraziyə çəkilmiş su xəttindən bu əraziyə su verilməsinin mümkünlüyünün araşdırılmasını, həmçinin içməli suyun keyfiyyətinin aid qurumlar tərəfindən yoxlanılmasını və keyfiyyətin standartlara uyğun olub-olmaması ilə bağlı əhalinin məlumatlandırılmasını təklif edib.

24 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən deputat Vüqar Abbasov muxtar respublikada sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi istiqamətində görüşlərin təşkil olunmasını, sahibkarlığın inkişafı sahəsində yeni modelin tətbiqini, Ali Məclis üzvlərinin hökumətə birbaşa çıxışının təmin olunmasını və Ali Məclis deputatlarının təyyarə biletləri ilə təminatına köməklik göstərilməsini təklif edib.

26 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən deputat Elman Cəfərli Ali Məclis deputatlarının muxtar respublikadan kənarda tədbirlərdə iştirakı ilə əlaqədar və ya məzuniyyət vaxtlarında təyyarə biletləri tapa bilmədiklərini bildirib və bu məsələnin nəzarətə götürülməsini xahiş edib. Həmçinin dövlət tədbirləri zamanı yollarda hərəkət məhdudiyyəti ilə bağlı, eləcə də təbii qaz və elektrik enerjisi təminatı sahəsində yaranacaq fasilələr barədə əhalinin aid qurumlar tərəfindən əvvəlcədən məlumatlandırılmasını təklif edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli hava limanında dövlət bronlarından istifadə ilə bağlı məlumat verib.

11 saylı Həmzəli Seçki Dairəsindən deputat Yeganə Məmmədova bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı xeyli işlər görülür. Lakin vaxtilə Gümüşlü kənd tam orta məktəbinə Birinci Qarabağ müharibəsi şəhidi Abbas Cavadovun adı verilib. 2019-cu ildən bu ad götürülüb. Gələcəkdə şəhidin adı yenidən həmin məktəbə veriləcəkmi? Yeganə Məmmədova həmçinin su təminatında problemlərin olduğunu və hər kənddə subartezian quyusunun qazılması ilə kəndlərin su təminatı məsələsinin həll oluna biləcəyini qeyd edib.

22 saylı Şıxmahmud Seçki Dairəsindən deputat Turan Məmmədli şəhidlərlə bağlı tədbirlərin mediada dolğun əks olunması istiqamətində birgə iş görülməsini təklif edib.

38 saylı Yaycı Seçki Dairəsindən deputat Fərəc Fərəcov qurum rəhbərlərinin deputatlarla birlikdə yerlərdə sakinlərlə görüş keçirmələrini təklif edib.

3 saylı Maxta Seçki Dairəsindən deputat Nüsrət Həsənov təmsil etdiyi ərazi sakinlərinin içməli su təminatı ilə bağlı işlərin görülməsinin nəzarətə götürülməsini bildirib.

19 saylı Babək qəsəbə Seçki Dairəsindən deputat İsa Məmmədov Nehrəm qəsəbəsində tikintisi aparılan 900 şagird yerlik 3 nömrəli tam orta məktəbin şagirdlərinin 1 nömrəli tam orta məktəbdə təhsil aldığını qeyd edib. Bildirilib ki, bu da bir sıra çətinliklər yaradır. Məktəbin tikintisinin qışa kimi yekunlaşdırılması istiqamətində tədbirlər görülməsini xahiş edib.

İclasda verilən təkliflər aidiyyəti qurumlara göndərilmək üçün qeydə alınıb.

İclasda Anar İbrahimov bildirib ki, deputatların fəaliyyətləri ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verilməsi, bu  məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi qarşıda duran vəzifələrdən biridir. Bu məqsədlə deputatlar tərəfindən vətəndaş qəbulunun həyata keçirilməsi, müraciət edən vətəndaşların ərizə, şikayət və təklifləri ilə bağlı görülən işlər, deputatların mediada çıxışları və dərc olunmuş məqalələri, şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsi, tələbə və gənclərlə görüşlərin keçirilməsi, sakinlərin sosial problemlərinin həlli ilə bağlı məsələlərin araşdırılması üçün aid dövlət orqanlarına deputat sorğularının verilməsi, ölkə əhəmiyyətli və beynəlxalq səviyyəli tədbirlərdə iştirakla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Deputatlarla, komitələrlə və komissiyalarla iş şöbəsinə mütəmadi məlumat verilməsi xahiş olunur. Məqsədimiz deputatların fəaliyyətinin daha səmərəli təşkil olunması, bu fəaliyyətin mediada işıqlandırılması, Ali Məclisin hesabatlılığının artırılmasıdır.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırdı.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 07.11.2023 17:36