AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mühüm yeniliklərin tətbiqi ilə yaddaqalan oldu - YENİLƏNİB

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gedişi və qəbul olunan yeniliklər jurnalistlərin maraq dairəsində olub. 
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov jurnalistlərə müsahibəsində sosial müdafiə sahəsində həyata keçirilən layihələr və qarşıda duran işlər barədə danışdı: – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bir sıra qanunvericilik dəyişiklikləri oldu. Onlardan da gündəlikdə olan iki məsələ – həm Dövlət Sosial Müdafiə Fondunun cari il üçün büdcəsinin, həm də İşsizlikdən sığorta fondunun büdcəsinin dəyişdirilməsi ilə əlaqədardır. Əsas zərurət, şübhəsiz ki, təkmilləşdirmə işləri, struktur dəyişikliyi və nəzərdə tutulan tədbirlərlə əlaqədardır. Xüsusilə İşsizlikdən sığorta fondunun çox böyük ölçüdə aktiv məşğulluq tədbirlərini maliyyələşdirməsi zərurətindən irəli gələrək qanun layihəsinə dəyişiklik təklif etdik, bu da sessiyada müzakirə olunandan sonra öz təsdiqini tapdı. Əsas prioritet istiqamətimiz builki Naxçıvan Muxtar Respublikasının sakinlərinə aktiv məşğulluq tədbirləri çərçivəsində həm məşğulluğun artırılması, həm özünüməşğulluq proqramı çərçivəsində yeni aktivlərin verilməsi, həm də haqqıödənilən ictimai işlər çərçivəsində yeni iş imkanlarının yaradılması və ən əsası muxtar respublikada ilk dəfə əməkhaqqının birgə maliyyələşdirilməsi layihəsinin artıq icrasına başlamaqdır. Bu layihə nədən ibarətdir? Şübhəsiz ki, bu layihədə həm işəgötürənlər, həm də işsiz şəxslər maraqlıdır. Çünki dövlətin burada qoyduğu konkret qanunlarla tənzimlənən proses ondan ibarətdir ki, sahibkarın götürdüyü işçilərin yarısını dövlət İşsizlikdən sığorta fondunun ayırdığı vəsaitlər çərçivəsində həyata keçirir. Kvotalar var, şübhəsiz ki, qanunun tələb etdiyi şərtlər qorunacaqdır, ancaq artıq bizə sahibkarlardan da müraciətlər vardır. Və dövlətin burada əsas mövqeyi vətəndaşın hüququnun qorunması, onun dayanıqlı məşğulluğunun təmin edilməsindən ibarətdir. İlkin mərhələdə biz builki qanunda nəzərdə tutulan dəyişiklik həcmində və pilot kimi bu layihəni həyata keçirəcəyik. Amma növbəti ildə bizim böyük həcmdə proqramımız vardır. Və növbəti ildən çox geniş həcmdə əməkhaqqının birgə maliyyələşdirilməsi layihəsinin tətbiqini həyata keçirəcəyik. 
    Ceyhun Cəlilov qeyd etdi ki, hazırda ilin əvvəlindən bəri bütün istiqamətlərdə quruculuq, birinci növbədə, normativ bazanın quruculuğu aparılır. Bugünkü gündə 1500-dən artıq şəxs özünüməşğulluq proqramında qeydiyyata alınıb. Biz onların hamısına bu il o proqram çərçivəsində aktiv vermək istəyirik. Ancaq burada məsələ statistikanın şişirdilməsindən daha çox effektiv nəticələrə nail olmaqdır. Biz Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinə, Turizm Departamentinə və digər təşkilatlara müraciətlər göndərmişik ki, vətəndaşların öz kiçik bizneslərini qurması üçün, ilk növbədə, onlar daha effektiv aktivlər müəyyən etsinlər. Yəni deyim ki, özünüməşğulluqdan iribuynuzlu heyvanlar da, müxtəlif istehsal alətləri də vermək mümkündür. Müvafiq dövlət orqanları bizə tövsiyələr versinlər ki, hansı aktivlər daha səmərəli olar. Əhali onlardan hansıları ilə ilkin bizneslərini qura bilər. Biz ümid edirik ki, yaxın 5-10 ildən sonra hansısa bir iri sahibkarlıq subyekti deyəcək ki, 5 il, 10 il əvvəl məşğulluq tədbirləri çərçivəsində mənə verilən aktivi böyütmüşəm və kifayət qədər iri biznesə çevirmişəm. Məqsədimiz budur. Ona görə düzgün aktivləri seçməliyik. Yəni hansı biznes zərfinə biz investisiya qoymaq istəyirik, onu düzgün seçməliyik. Və düzgün insanları müəyyən etməliyik ki, həmin insanların o istiqamətlər üzrə bacarıqları olsun. Biz də həmin bacarıqları təkmilləşdiririk. Hazırda bu istiqamətdə quruculuq gedir. Hədəfimiz ondan ibarətdir ki, bu il 1500 nəfərə aktiv verək. Haqqıödənilən ictimai işlərə biz 1000 nəfərdən artıq işçi cəlb etməyə çalışırıq. Əməkhaqqının birgə maliyyələşdirilməsində builki rəqəmimiz, təqribən, 50 nəfərdir. Çünki bu, pilot olacaqdır. Amma gələn il dəfələrlə bunun artırılması nəzərdə tutulur. İlk dəfə Naxçıvanda vətəndaşlara ötən aydan etibarən işsizlikdən sığorta vəsaiti ödənməyə başlanılıb. 17 nəfərə artıq sığorta vəsaiti ödənilir. İş yerindən ixtisara düşən və qanunla müəyyən olunmuş digər hallarda işçiyə, işini itirmiş şəxsə sığorta verilməlidir. Naxçıvanda ilk dəfə artıq ötən aydan biz verdik. Qanun layihəsində maddələrdən biri də həmin sığorta vəsaitinin artırılması idi. Çünki az rəqəm nəzərdə tutulmuşdur. Növbəti ildən artıq bütün vətəndaşların, hər kəsin hüququ təmin olunacaq. Burada bir məsələ də vardır ki, insanlar bu hüquqları barədə məlumatsızdırlar. Maarifləndirmə nəticəsində onlar öz hüquqlarını biləcək, işini itirən şəxslər artıq işsizlikdən sığorta vəsaitini qanunun müəyyən etdiyi şərtlər çərçivəsində əldə edəcəklər. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə: – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gedişində  Naxçıvan Muxtar Respublikası qanunvericiliyinin Azərbaycan Respublikası qanunvericiliyi ilə təzad təşkil edən və yaxud əlavəyə ehtiyacı olan qanunlara yeniliklər əlavə edildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə, hesabatlarla bağlı müzakirələr keçirildi, deputatların sualları cavablandırıldı. Digər mühüm məsələ o idi ki, komitələrin yeni tərkibdə həm say olaraq, həm də komitə tərkiblərində say olaraq yeni dəyişikliklər edildi. Belə ki, əvvəl Ali Məclisin nəzdində 6 komitə fəaliyyət göstərirdisə, yeni dəyişikliyə əsasən hüquq, iqtisadi, sosial və humanitar siyasət komitələri olmaqla hər komitə minimum 10 deputatdan ibarət olmaqla, 4 komitəyə endirildi. Deputatların etik davranış kodeksinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi baxımından da qanunvericilikdə yeniliklərin qəbul edilməsi və müzakirəyə çıxarılması məsələlərinə toxunuldu. Yekunda isə Ali Məclis sədrinin birinci müavini tərəfindən ölkəmizdə baş verən mövcud siyasi proseslərə münasibət  bildirildi. Laçın yolunun bağlanması və Ermənistanın növbəti təxribatları ilə bağlı müraciəti qəbul olundu və istər qanuni, istərsə də ictimai, humanitar səviyyədə  ölkə siyasətinə dəstək olmaq məqsədilə bütün muxtar respublika ictimaiyyətinə aktiv fəaliyyətə keçməklə bağlı çağırış edildi. Mahiyyət etibarilə növbədənkənar sessiyanı məhsuldar hesab edirik və bütün deputatlara fəaliyyətlərində uğurlar arzu edirik. 

Ceyhun MƏMMƏDOV 

Nəşr edilib : 01.08.2023 22:45