AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və yarım ilin yekunları müzakirə edilib

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. İclası daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov açaraq məruzə ilə çıxış etmişdir. 
    Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 fevral 2022-ci ildə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə verdiyi tapşırıq və tövsiyələr Daxili İşlər Nazirliyinin tarixində əlamətdar hadisə olmaqla yanaşı, əməkdaşlar arasında böyük ruh yüksəkliyi və stimul yaratmış, onların məsuliyyət hissini daha da artırmışdır. 2022-ci ilin birinci yarım ili daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yenidən qurulması və əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərlə xarakterik olmuş, aidiyyəti Dövlət pro­qramlarından irəli gələn vəzifələr, eləcə də Nazirliyin Əsas Təşkilati Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər icra edilmişdir. Hesabat dövründə nazirliyin ayrı-ayrı xidmətlərinin və şəhər, rayon, nəqliyyatda polis orqanlarının əsasnamələri, o cümlədən funksional vəzifə bölgüləri yenidən hazırlanaraq təsdiq edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün müvafiq qaydada Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. Martın 1-də polis sahə inspektorlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması ilə bağlı geniş müşavirə keçirilmiş, polis sahə inspektorunun fəaliyyətinin əsasını təşkil edən normativ aktlar və digər zəruri vasitələrlə təchiz edilmiş 142 ədəd xidməti çanta əməkdaşlara təqdim olunmuşdur. İyunun 13-də polis sahə inspektorları ilə növbəti müşavirə keçirilmiş və əməliyyat şəraitinə operativ nəzarət olunması məqsədilə müvafiq proqram təminatına malik olan 48 ədəd planşet əməkdaşların xidməti istifadəsinə verilmişdir.
    Qeyd olunmuşdur ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyində ilk dəfə olaraq Elektron Nəzarət Sistemi qurulmuşdur. Nazirliyin müvafiq xidmətlərinin müasir texnoloji vasitələrlə təmin olunması istiqamətində yol-patrul xidmətinin istifadəsində olan xidməti avtomobillərdə quraşdırılmış köhnə nəsil bort-kompüterlərin müasir tələblərə cavab verən yeni texnoloji vasitələrlə əvəz edilməsi məqsədilə 24 ədəd müasir bort-kompüter alınmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən “Tetra” rəqəmsal radiorabitə sisteminə bağlı olan 110 ədəd “Motorolla” markalı radiostansiya, o cümlədən kriminalistik tədqiqatların daha keyfiyyətli aparılması üçün 3 ədəd istintaq çamadanı, 3 ədəd müasir fotoaparat, 1 ədəd hadisə yerində izlərin fotoşəklini çəkmək üçün “Popillon Fosko” cihazı, DNT nümunələrinin götürülüb qablaşdırılması üçün DNT çubuqları və zərflər alınaraq aidiyyəti xidmətlərin istifadəsinə verilmişdir. 
    Diqqətə çatdırılmışdır ki, 2022-ci ilin I yarım ilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Prokurorluğunda muxtar respublika ərazisində törədilmiş cinayət hadisələri üzrə 14 cinayət işi başlanaraq istintaqı aparılmışdır. Törədilmiş cinayətlərin açılması 100 faiz təmin edilmiş, dövlət hakimiyyəti əleyhinə, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmamışdır. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri zamanı 16 inzibati fakt aşkar edilmiş, nаrkоtik tərkibli bitkilərin yаyılmаsının qаrşısının аlınmаsı məqsədilə keçirilən reyd yoxlamaları zamanı 152758 ədəd yabanı halda bitən narkotik tərkibli bitki yığılaraq məhv edilmişdir. Həmçinin dахili işlər оrqаnlаrı tərəfindən 6886 inzibаti prоtоkоl tərtib еdilmişdir ki, 2021-ci ilin I yarım ili ilə müqayisədə inzibаti хətаlаra dair protokolların sayı 443 vahid və ya 6 faiz azalmışdır. Buna səbəb polisin xidməti fəaliyyətində profilaktikaya geniş yer verilməsi, əhali arasında aparılan hüquqi maarifləndirmə tədbirlərinin davamlı olaraq həyata keçirilməsi olmuşdur. 
    Daxili işlər naziri bildirmişdir ki, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 218 dəfə profilaktik söhbətlər aparılmış, yetkinlik yaşına çatmayanlar arasında vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsi məqsədilə Şərur, Babək, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonları ərazilərində yerləşən orta məktəblərdə 51 şagirdə şəxsiyyət vəsiqələri təntənəli surətdə təqdim edilmişdir. 30 mart 2022-ci ildə yol-patrul xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun təşkili istiqamətində tədbir keçirilmiş, Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti və görülən işlər təhlil edilərək xidmətin səmərəli təşkili istiqamətində qarşıya qoyulan vəzifələr müəyyənləşdirilmişdir. 2022-ci ilin I yarım ilində dövlət yol polisi əməkdaşları tərəfindən 146 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülmüşdür. Bununla yanaşı, yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Həmçinin “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə yarım il ərzində 215 hadisə aşkarlanmışdır. 
    Qeyd olunmuşdur ki, bəhs olunan dövrdə Daxili İşlər Nazirliyinin “Səyyar xidməti” tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarında, ümumilikdə, 5735 müraciət qəbul olunaraq qüsursuz icra edilmişdir. 
    Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində yarım il ərzində xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 34 əməkdаş müхtəlif mükafatlara layiq görülmüşdür. 
    Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra kollegiya iclasının qərar layihəsi oxunub.

***

     Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində “Ədliyyə orqanlarında 2022-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
    İclası Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, nazirlik hesabat dövründə hüquqi təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirmiş, qarşıya qoyulan vəzifələrin icrası təmin olunmuşdur. Belə ki, penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, saxlanma şəraitinin və məhkumların gündəlik təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilmişdir. 
    Qeyd olunub ki, Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə 179 ekspertiza işinin tədqiqatı aparılmışdır. Tədqiqatı aparılan ekspertizalar üzrə, ümumilikdə, 142 rəy, 24 ekspert  arayışı verilmiş, 6 iş icrasız geri göndərilmiş, 1 işin icraatı vəsatət verildiyindən müvəqqəti dayandırılmış, 6 ekspertiza işinin icrası isə hazırda davam etdirilir. 
    Diqqətə çatdırılıb ki, hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının düzgün və vaxtında icra olunması üçün icra işinin təkmilləşdirilməsi diqqətdə saxlanılmışdır. Yerli icra və probasiya qurumlarında icrası çətinlik törədən icra işlərinin icrasına köməkliklərin göstərilməsi davam etdirilmiş, qərarları icra etməyənlər barədə təsirli tədbirlər görülmüş, borclularla profilaktik söhbətlər aparılmışdır. İlin birinci yarısında yerli icra və probasiya qurumlarının icraatına 2214 icra sənədi daxil olmuş, bunlardan 728 iş tam icra olunmuş, 1324 iş icraya yönəlmiş, 60 iş geri qaytarılmış, 102 iş ərazi aidiyyəti üzrə göndərilmiş, 404 nəfər borclu barəsində axtarış qərarı verilmiş, 302 nəfər borclu barəsində verilmiş axtarış qərarları icra edilmişdir. Verilmiş təqdimat əsasında 1 borclunun barəsində cinayət işi başlanılmışdır.  
    Vurğulanıb ki, cari ilin birinci yarısında dövlət notariat ofislərində 9560 müxtəlifməzmunlu notariat əməliyyatları aparılmış, dövlət büdcəsinə 72953 manat dövlət rüsumu ödənilmişdir. Nikah evləri və qeydiyyat şöbələri tərəfindən 5285 əməliyyat aparılmış və dövlət büdcəsinə 16336 manat dövlət rüsumu ödənilmişdir. 
    Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.   

***

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclası giriş sözü ilə açan komitə sədri Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmışdır.
    Komitə tərəfindən qadınlarla bağlı icra olunan sosial layihələr barəsində məlumat verən komitə sədri bildirmişdir ki, hesabat dövrü ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin açılış konfransı keçirilmişdir. Konfransda İsveçrə Əməkdaşlıq Təşkilatının, beynəlxalq donor təşkilatlarının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və assosiasiyanın üzv təşkilatlarının nümayəndələri iştirak etmişdir. Layihənin şərtlərinə uyğun olaraq muxtar respublikanın şəhər və rayonlarından olan 50-dən artıq xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və sağlamlıq imkanları məhdud olan qadınlara sərmayə kapitalı verilməsi nəzərdə tutulmuşdur. Verilən sərmayə kapitalının 70 faizindən artıq hissəsi ailə təsərrüfatlarının qurulması üçün, 30 faizə yaxını isə digər fəaliyyət sahələri  üzrə nəzərdə tutulub.
    Ramilə Seyidova qeyd etmişdir ki, hesabat dövrü ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində muxtar respublikanın bütün rayonlarından xüsusi qayğıya ehtiyacı olan 70 qadının iştirakı ilə  3 dəfə “Gələcəyini planlaşdır!” və 1 dəfə “Sahibkar ol!” təlimləri keçirilmişdir. Hər bir qadın fəaliyyət istiqamətlərinə görə biznes-planı hazırlamışdır. Sonda təlim iştirakçısı olan qadınlara Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunmuşdur. 
    Bildirilmişdir ki, hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın turistik mərkəzlərində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlarda, əl işləri mağazalarında, keçirilən sərgi-satışlarda, yarmarkalarda, festivallarda qadınların əl işləri sərgilənmiş və 183 şəxsin 10002 manat dəyərində 1201 müxtəlif adda əl işi, 182 adda ailə təsərrüfatı məhsulları və 50 kiloqram şirniyyat satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.
    Hesabat dövrü ərzində 20 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilmiş, 12 uşaq müəssisəsində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 6 uşağın yaşadığı ünvanda, 191 uşağın təhsil aldığı 46 uşaq müəssisəsində monitorinqlər aparılmış, ekskursiyalar təşkil edilmiş, 47 uşağın iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuşdur. 
    Məruzə ətrafında çıxışlar olmuşdur. 

***

    Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən iclası giriş sözü ilə açan hava limanının direktoru Mənşur Gülməmmədli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olaraq hava limanında tikinti-quruculuq işləri davam etdirilmiş, sərnişinlərə xidmətin səviyyəsi yüksəldilmişdir. Cari ilin ilk 6 ayı ərzində hava limanında uğurlu layihələr həyata ke­çirilmişdir. Belə ki, sərnişin dövriyyəsi və sıxlığı nəzərə alınaraq 3-cü teleskopik trap quraşdırılmışdır.
    Diqqətə çatdırılıb ki, “UBS Airport Systems” şirkəti tərəfindən quraşdırılmış teleskopik trap, sərnişinlərin təyyarəyə minməsi üçün körpü, təyyarəni elektrik enerjisi ilə qidalandıran qurğu və mühərriki hava ilə işəsalma qurğusundan ibarətdir. Teleskopik trapın yığılmış vəziyyətdə uzunluğu 16,5 metr, tam açılmış vəziyyətdə uzunluğu 37,5 metrdir. Bununla yanaşı, teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilmişdir. Keçid yolu 6 müxtəlif ölçüdə sərinlədici və qızdırıcı sistem, 5 kamera, 8 yanğın detektoru və 1 səsverici avadanlıqla təchiz edilmişdir. Teleskopik trapı gərginliklə təmin etmək üçün yeni transformator binası tikilmişdir.
    Vurğulanıb ki, Aviasiya Təhlükəsizlik Xidmətinin maddi-texniki bazası möhkəmləndirilmiş, təhlükəsizliyin təmin edilməsi üçün 70 ədəd izdihamın idarə edilməsi üçün maneə alınmışdır. Aerovağzal kompleksində əl yükləri və baqajın yoxlanması prosesi beynəlxalq norma və qaydalara uyğun təşkil edilmişdir. Təyyarələrin enməsi üçün küləyin istiqamətini müəyyən edən meteoroloji qurğu, perronda təyyarələrin təhlükəsizliyinin təmin olunması üçün 16 ədəd təhlükəsizlik konusu, İl-76 təyyarəsi üçün 1 ədəd Tovbar alınıb istifadəyə verilmişdir.
    Bildirilib ki, sərnişin daşımalarda, 2022-ci ilin ilk 6 ayı ərzində yerli hava xətləri ilə Naxçıvan-Bakı istiqamətində 183650 sərnişin, 3042400 kiloqram baqaj, 733240 kiloqram yük, 12300 kiloqram poçt, Naxçıvan-Gəncə istiqamətində 3019 sərnişin, 51360 kiloqram baqaj, 129 kiloqram yük daşınmışdır. Beynəlxalq hava xətti ilə Naxçıvan-İstanbul istiqamətində 880 sərnişin, 12569 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 2688 sərnişin, 40237 kiloqram baqaj daşınmışdır. Muxtar respublika rəhbərinin göstərdiyi diqqət və qayğı sayəsində hava nəqliyyatının inkişafı və hava daşımalarının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlərin görülməsi, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir. 
    Kollegiya iclasında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 20.07.2022 20:42