AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2023-cü il 7 aprel tarixli 157-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə və “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 7 aprel  tarixli 157-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə aşağıdakı  dəyişikliklər edilsin:

1.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Fondun idarə olunması

4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

4.2. Fondun Müşahidə Şurası (bundan sonra – Şura) Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

4.3. Şura sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə təşkil edilir.

4.4. Şuranın 4 (dörd) üzvünü Nazirlik təyin edir.

4.5. Şuranın 3 (üç) üzvünü aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

4.5.1. Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi; 

4.5.2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi;

4.5.3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

2

4.6. Şuranın sədri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

4.7. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.8. Şura qərar qəbul etməkdə müstəqildir.

4.9. Şuranın vəzifələri aşağıdakılardır:

4.9.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və Nazirliyə təkliflər vermək və sənədlər təqdim etmək;

4.9.2. Fondun fəaliyyət planlarını müəyyən etmək;

4.9.3. Nazirliyin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə qərar qəbul etmək;

4.9.4. Fondun vəsaitindən istifadə istiqamətlərini müəyyən etmək;

4.9.5. Şura üzvlərinin və İdarə Heyətinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.9.6. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə təqdim etmək;

4.9.7. Nazirliklə razılaşdırmaqla, Fondun maliyyə planlaşdırmasını, o cümlədən güzəştli kreditlər üzrə daxilolmaların (faiz, cərimə və sair) və fəaliyyətindən əldə olunmuş digər gəlirlərin Fondun saxlanma xərclərinə ayrılan hissəsini təsdiq etmək; 

4.9.8. müvəkkil kredit təşkilatının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) qaydasını müəyyən etmək; 

4.9.9. müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısının və ya bir hissəsinin ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) köçürülən güzəştli kreditin restrukturizasiya şərtlərini müəyyən etmək;

4.9.10. Fondun müvəkkil kredit təşkilatları vasitəsilə yerləşdirilən aktivlərinin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması (o cümlədən ümidsiz aktivlərin silinməsi) qaydalarını təsdiq etmək və nizamnamə fondunun dəyişdirilməsi barədə müvafiq təkliflər vermək;

4.9.11. Fond qarşısında öhdəlikləri yerinə yetirməyən müvəkkil kredit təşkilatları ilə bağlı həyata keçirilməli daxili prosedurları nəzərdə tutan qaydaları təsdiq etmək;

4.9.12. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək; 

3

4.9.13. İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

4.9.14. Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.9.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.9.16. Nazirliyin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.9.17. Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və muxtar respublikanın rayonları üzrə prioritet istiqamətləri müəyyənləşdirmək;

4.9.18. müvəkkil kredit təşkilatlarının seçilməsi meyarlarını təsdiq etmək və onların seçilməsi barədə qərar qəbul etmək;

4.9.19. Fond ilə müvəkkil kredit təşkilatları arasında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq etmək; 

4.9.20. Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını təsdiq etmək; 

4.9.21. kreditlərdən təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün monitorinq aparılması qaydasını təsdiq etmək; 

4.9.22. müvəkkil kredit təşkilatları üçün əsas və əlavə limitləri müəyyən etmək;

4.9.23. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;

4.9.24. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq;

4.9.25. Fondun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.10. Şuranın sədri rübdə azı bir dəfə Şuranın iclasını çağırır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İdarə Heyətinin sədri çıxış edə bilər. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.11. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.12. Şuranın iclasında İdarə Heyətinin sədri də iştirak edir.

4

4.13. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.15. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrası Şura sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən həyata keçirilir.

4.16. Şuranın sədri:

4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslarda sədrlik edir;

4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya Fondun İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.17. Şuranın üzvləri:

4.17.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılmaq barədə təkliflər verirlər;

4.17.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarından irəli gələn digər tələbləri yerinə yetirməlidirlər. 

4.19. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin və Şuranın katibinin imzaladıqları iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Şura tərəfindən təsdiq edilərək İdarə Heyətinə göndərilir.

4.20. Şuranın katibini Şuranın sədri Şura üzvü olmayan əməkdaşlar sırasından təyin edir və katib Şuranın sədrinə hesabat verir.

4.21. Şuranın katibi:

5

4.21.1. Şuranın iclaslarını təşkil edir;

4.21.2. Şuranın iclaslarının keçirilmə vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Nizamnamənin 4.16.3-cü yarımbəndində göstərilən şəxslərə iclasa azı 3 iş günü qalmış yazılı məlumat verir;

4.21.3. Şuranın iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Şuranın üzvlərinə təqdim edir;

4.21.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılma və imzalanması üçün Şuranın sədrinə təqdim edir;

4.21.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

1.2. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Fondun İdarə Heyəti

4-1.1. İdarə Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.

4-1.2. İdarə Heyətinin tərkibi üç nəfərdən – Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin  iki müavinindən ibarətdir.

4-1.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

4-1.4. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4-1.4.1. Fondun fəaliyyətini təşkil etmək;

4-1.4.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

4-1.4.3. Şuranın qərarlarını icra etmək;

4-1.4.4. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4-1.4.5. Fondun strateji məqsədlərinin və planlarının icrasına nəzarət etmək;

4-1.4.6. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4-1.4.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

4-1.4.8. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4-1.4.9. Fondun fəaliyyətinə dair illik hesabat hazırlayaraq Şuraya təqdim etmək;

4-1.4.10. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələrə dair təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim etmək;

6

4-1.4.11. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının Şura tərəfindən təsdiq edilmiş qayda və şərtlərinin icrasına nəzarət etmək;

4-1.4.12. Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə təkliflər vermək;

4-1.4.13. Fondun fəaliyyətinə dair hesabatı ictimaiyyətə açıqlamaq;

4-1.4.14. Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə təkliflər vermək;

4-1.4.15. Şura tərəfindən təşkil edilən Fondun kənar auditinin keçirilməsini təmin etmək;

4-1.4.16. Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4-1.5. İdarə Heyətinin iclasları rübdə bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya üzvü çıxış edir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4-1.6. İdarə Heyətinin sədri:

4-1.6.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4-1.6.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4-1.6.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4-1.6.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4-1.6.5. sədr müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə təqdimat verir;

4-1.6.6. sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

4-1.6.7. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4-1.6.8. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4-1.6.9. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 

7

4-1.6.10. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4-1.6.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4-1.6.12. Fondun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4-1.6.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4-1.6.14. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar yaradır; 

4-1.6.15. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4-1.6.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4-1.6.17. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

4-1.6.18. Fondun təsərrüfat cəmiyyətlərinin nizamnamələrinin layihələrini tərtib edir, həmin sənədlərdə müvafiq dəyişikliklər edilməsi haqqında qərar layihələrinin tərtib edilməsini təmin edir və onların təsdiqi məsələsinə baxılmaq üçün aidiyyəti üzrə təqdim edir;

4-1.6.19. Şuranın və İdarə Heyətinin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

4-1.6.20. verilmiş səlahiyyətlər daxilində müvafiq sənədləri imzalayır;

4-1.6.21. Fondun fəaliyyət planlarının icrasına nəzarət edir;

4-1.6.22. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesab və tədiyə tapşırıqlarını imzalayır;

4-1.6.23. Fondun, habelə təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

4-1.6.24. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4-1.7. İdarə Heyətinin üzvləri:

4-1.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4-1.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4-1.7.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

8

4-1.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılmaq barədə təkliflər verirlər;

4-1.7.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4-1.8. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.”.

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 7 aprel  tarixli 157-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4-cü, 3.1-ci, 3.3-cü, 3.6-cı, 3.10-cu, 4.2-ci, 6.2-ci, 9.1-ci bəndlərdə və 2-ci hissədə ismin müvafiq hallarında “İdarə Heyəti” sözləri ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ilə əvəz edilsin;

2.2. 1.5-ci və 1.6-cı bəndlər ləğv edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini: 

Naxçıvan şəhəri, 09 fevral 2024-cü il

Nəşr edilib : 09.02.2024 14:41