AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova: Naxçıvanda 1 iyunda keçiriləcək bayram tədbirində uşaqlar müxtəlif sahələr üzrə mükafatlandırılacaq

Xəbər verdiyimiz kimi, iyunun 1-də Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri keçiriləcək. Saat 11:00-dan 20:00-dək davam edəcək tədbirdə bütün fəaliyyətlər ödənişsiz olacaq.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirlə bağlı sualları cavablandırdı:  –  Muxtar respublikada uşaqlarla bağlı əhəmiyyətli tədbirlər həyata keçirilir. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” adlı  bayram tədbiri də bunlardan biridir. Tədbirin əhəmiyyəti olduqca böyükdür. Bu, təkcə bayram tədbiri deyil, eyni zamanda həm də maarifləndirici bir tədbir olacaq. Tədbir 5 bölmədən ibarətdir. Burada idman yarışları, canlı konsert, səhiyyə və psixoloji xidmət, ustad dərsləri, teatr tamaşaları və şou proqramlar olan hissələr mövcuddur. Uşaqlar həm əylənəcək, həm də müxtəlif sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcək, eyni zamanda müxtəlif bacarıqlara yiyələnəcəklər. Ustadlar tərəfindən milli-mənəvi dəyərlərimizə uyğun ustad dərsləri təşkil ediləcəkdir ki, burada əl işlərinin hazırlanması əyani şəkildə nümayiş olunacaq və ən yaxşı əl işləri hazırlayan uşaqlar mükafatlandırılacaqlar. Qeyd edim ki, digər fəaliyyət növləri üzrə də uşaqların mükafatlandırılması nəzərdə tutulur. Xüsusi olaraq bildirim ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-2024-cü tədris ilində təhsil, incəsənət və idman  sahəsində öz bilik və bacarıqlarını yüksək şəkildə  nümayiş etdirərək uğur, nailiyyət  qazanan uşaqlar təltif ediləcək. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və qazi uşaqları iştirak edəcəklər. Bütün valideynlərdən xahişimiz budur ki, uşaqların bu əyləncəli, maarifləndirici  tədbirdən yararlanmasını, qeyd edilən vaxtda tədbirdə iştirakını təmin etsinlər. 
Ramilə Seyidova, həmçinin komitə tərəfindən uşaqlarla bağlı keçirilən və təşkili nəzərdə tutulan tədbirlər haqqında da məlumat verərək bildirdi ki, bu sırada maarifləndirici tədbirləri xüsusi vurğulamaq lazımdır. Bundan əlavə, muxtar respublikada uşaqlarla bağlı milli və beynəlxalq günlərin qeyd olunması ilə bağlı xüsusi işlər həyata keçirilir. Komitə tərəfindən rayonlarda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlər keçirilməsinə  start verilib. Ötən müddət ərzində Ordubad, Sədərək, Kəngərli və Şərur rayonlarında bayram günü ilə əlaqədar geniş tədbirlər həyata keçirilib. Növbəti günlərdə digər rayonlarda da belə tədbirlərin təşkili, həmçinin qarşıdan gələn günlərdə hemofiliyalı və talassemiyalı uşaqlarla bağlı  qanvermə aksiyasının keçirilməsi də nəzərdə tutulur.

Nəşr edilib : 29.05.2024 09:05