AZ EN RU

"Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu" mövzusunda tədbir keçirilir

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında "Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu" mövzusunda tədbir keçirilir.

  Əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər tədbir iştirakçıları istedadlı qadınların rəsm və əl işlərindən, ailə təsərrüfatı məhsullarından, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan ibarət sərgiyə baxıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü İnci Fərəcovanın Naxçıvan Muxtar Respublikasının 100 illiyi və 8 mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı çıxışları olacaq.
Proqramda muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomlarının təqdim olunması nəzərdə tutulub. 
 Mövzuya aid video-çarx və bədii kompozisiyanın nümayişi də olacaq.

Nəşr edilib : 07.03.2024 12:45