AZ EN RU

Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “İnsanlar və talelər” kitabının müzakirəsi keçirilib

Mayın 11-də  Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında  “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə Məmməd Cəfər Cəfərovun “İnsanlar və talelər” kitabının müzakirəsi keçirilib.  Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov giriş sözündə mütaliə mədəniyyətinin formalaşmasında kitab müzakirələrinin əhəmiyyətindən danışıb.

Sonra kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Tamaraxanım Aşurlu bildirib ki, “İnsanlar və talelər” əsəri Cəlil Məmmədquluzadə haqqında yazılmış ilk kinodramdır və bu janrda yazılmış orijinal, qiymətli sənət əsəridir. Akademik Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslıq elminə bəxş etdiyi bu dəyərli əsər böyük demokratın əqidəsini, uğrunda mübarizə apardığı idealları, mürəkkəb və keşməkeşli həyatını özündə əks etdirir. “İnsanlar və talelər” kinodramında yalnız mollanəsrəddinçilərin deyil, dövrün romantiklərinin, siyasi şəxsiyyətlərinin də obrazı ustalıqla yaradılıb və bir dövrün tarixi-ədəbi gedişatını öyrənmək üçün mötəbər mənbədir.

Sonra kitabla bağlı müzakirələr aparılıb, tələbələr müəllif və əsər barədə fikirlərini bölüşüblər.

  Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.05.2023 16:30