AZ EN RU

Naxçıvan musiqi sənətinin sevilən imzası

    Naxçıvanda musiqi sənəti bu günə qədər böyük yol keçmiş, inkişaf etmiş və neçə-neçə görkəmli musiqiçilər yetişdirmişdir. Bu musiqiçilər sırasında Yusif Əsgərovun imzası xüsusilə seçilir. Onu da qeyd etmək lazımdır ki, Naxçıvanda nəfəsli alətlərinin inkişaf etdirilməsində və təbliğ olunmasında Yusif Əsgərovun rolu danılmazdır.

    Yusif Əsgərov 11 avqust 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1960-1970-ci illərdə Naxçıvan şəhərindəki Əkbər Ağayev adına  tam orta internat məktəbində orta təhsil alıb. Hələ uşaqlıq illərindən onun incəsənətə marağı oxuduğu məktəbin müəllimlərinin nəzərindən yayınmır. Məktəbdə və məktəbdənkənar tədbirlərdə fəal iştirak edən gənc Yusif onu tanıyanlarda gələcəkdə musiqiçi olacağına dair inamı artırır. Valideynlərinin məsləhəti ilə Yusif sənədlərini 1965-ci ildə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbinə verir və orada bəstəkar, dirijor Məmməd Məmmədovun sinfində akkordeon və truba – iki ixtisas üzrə ilk musiqi təhsilini alır. 1970-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə bitirən Yusifin qabiliyyət və bacarığı, musiqiyə olan həvəsi bəstəkar Məmməd Məmmədovun diqqətini cəlb etdiyindən onu 16 yaşında (o vaxt 8-ci sinifdə oxuyurdu) Naxçıvan teatrının musiqi hissəsinə akkordeon və truba ifaçısı kimi dəvət edir. Elə o vaxtdan da Yusif Əsgərov həyatını Naxçıvan teatrına bağlayır. Teatrda çalışdığı ilk gündən gənc Yusif bəstəkar M.Məmmədovun etimadını doğruldur. Teatrda işləyə-işləyə o, 1975-1976-cı illərdə Moskvada İncəsənət Universitetinin başlanğıc nəzəriyyə kursunu bitirir. Qabiliyyət və işə münasibətini nəzərə alaraq teatr rəhbərliyi Azərbaycan Respublikasının Əməkdar artisti, teatrın baş rejissoru Vəli Babayevin təqdimatı ilə 1977-ci ildə o, musiqi hissə müdiri və dirijor vəzifəsinə təyin edir. Elə o vaxtdan da Yusifin dirijorluq fəaliyyəti başlayır.
    Tanınmış musiqiçi Yusif Əsgərov 1978-1979-cu illərdə Moskva Ümum­ittifaq Mədəniyyət İşçilərinin İxtisasartırma İnstitutunda simfonik orkestrin dirijorluq kursunu keçir. Burada o, görkəmli mütəxəssislərin – Böyük Teatrın bədii rəhbəri və baş dirijoru, RSFSR-in Əməkdar artisti Yuri Simonov, Böyük Teatrın dirijoru Fuad Mansurov və SSRİ Akademik Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanovun yanında təcrübə keçir. İstər təhsil aldığı illərdə, istərsə də ixtisasartırma kursunda aldığı bilik və təcrübə Naxçıvan teatrının orkestrinin inkişafında mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Yusif Əsgərov Naxçıvan teatrında bir çox musiqili komediya və operettalarda orkestrin dirijoru kimi çıxış etmişdir. O, teatrda çalışdığı müddətdə daim öz üzərində işləyir, musiqi təhsilini artırmaq üçün yollar axtarırdı. Məhz bu səbəbdən də 1981-1986-cı illərdə Soltan Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin Nəfəs alətləri şöbəsində qiyabi olaraq təhsil alır, burada Azərbaycan Dövlət Sirkinin bədii rəhbəri və baş dirijoru Həsən Abdullayevdən orkestr və dirijorluq sənətinin sirlərini öyrənir. 1986-1990-cı illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Nəfəs alətləri şöbəsində təhsilini davam etdirir. O, görkəmli musiqiçilərdən – Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, dosent Vaqif Süleymanov, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, dosent Elxan Rüstəmov və bəstəkar-dirijor Həsən Rzayevdən dərs alır. 
    Yusif Əsgərovun fəaliyyəti təkcə teatrla məhdudlaşmır. Vaxtilə Naxçıvan şəhər tam orta internat, 30 nömrəli dəmiryol tam orta məktəbində və Culfa şəhər musiqi məktəbində nəfəs alətləri orkestri yaradaraq həmin orkestrlərin bədii rəhbəri və dirijoru olmuşdur. Yusif müəllim muxtar respublikanın müxtəlif musiqi məktəblərində pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1985-ci ildə yenidən Naxçıvan şəhərində Məmməd Məmmədov adına 1 nömrəli uşaq musiqi məktəbində Nəfəs alətləri şöbəsini açır və uzun illər burada truba, trambon, qaboy, fleyta ixtisasları üzrə musiqiçilər yetişdirir. 
    Onun yetirmələrindən bir çoxu musiqi məktəblərində, eləcə də Naxçıvan Dövlət Universitetində Yusif müəllimlə çiyin-çiyinə fəaliyyət göstərir. Ondan nəfəs alətləri ixtisası üzrə dərs almış ifaçılar hazırda Naxçıvan Dövlət Universitetinin Simfonik və nəfəs alətləri orkestrində, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrində, hərbi orkestrlərdə və musiqi məktəblərində çalışırlar. Yusif Əsgərov bir müəllim kimi öz təcrübəsini şagirdlərindən heç vaxt əsirgəməyib. O, musiqimizin keşiyində duran, onu xidmətləri ilə daha da rövnəqləndirən əsl vətənpərvər və bacarıqlı bir sənətkar kimi özünü təsdiqləyib. Xüsusilə qeyd etmək lazımdır ki, 2007-ci ildə Yusif Əsgərovun şagirdlərindən Həmid Əsgərov, Fərman İbrahimov ölkə üzrə Bakı şəhərində keçirilən müsabiqədə iştirak ediblər və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplomlarına və mükafatlarına layiq görülüblər. Bacarığı, işgüzarlığı iləYusif Əsgərov bu gün də öz doğma peşəsinin öhdəsindən şərəf və ləyaqətlə gəlir. Hazırda Yusif Əsgərov Naxçıvan Dövlət Universitetinin Orkestr alətləri və dirijorluq kafedrasının Nəfəs alətləri orkestrinin dirijorudur və Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərir. Yusif müəllim ixtiyar yaşında gənclik həvəsi ilə gənc nəslə öz zəngin həyat və sənət təcrübəsini öyrətməkdədir. Tanınmış musiqiçi, gözəl pedaqoq Yusif müəllimi 70 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı, uzun ömür arzulayırıq. 

    Elvira RZAYEVA
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Orkestr alətləri və dirijorluq 
kafedrasının baş müəllimi, Prezident mükafatçısı

Nəşr edilib : 11.08.2023 19:24