AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda şəhid – Kamran Hüseynova həsr olunmuş kitabın təqdimatı keçirilib

Təqdimatı keçirilən növbəti kitab Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsində “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan Dilbər Rüstəmovanın “Kamran və Sənubər” adlı ilk qələm təcrübəsi yenə də institutumuzun fəxri tələbələrindən “44 günlük Vətən müharibəsi” qəhrəmanı şəhid Kamran Hüseynov və Sənubər Hüseynovanın real həyat hekayələrindən bəhs edir.

Tədbirdə giriş sözü ilə institutun rektoru Azad Novruzov çıxış edərək ilk öncə Vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla  yad edib. Rektor bildirib ki, bu dəyərli əsərlə tanış olduğum zaman tələbələrimizin həm nümunəvi bir təmsilçi, həm də dövrünün fəal gənci olması ilə yanaşı onların ali hisslər yaşamağa başlamasının, ailənin məsuliyyət yükünü çəkməsinin, eyni zamanda baş qəhrəmanların dili ilə səslənən şeirləri oxuduqca ixtisaslı kadr kimi yetişdirdiyimiz tələbələrimizdə müxtəlif qabiliyyətlərin mövcudluğunun bir daha şahidi oldum. Əsas da Kamranda Vətənə olan məhəbbət, könüllülük duyğusunun ailə məhəbbətinin önünə keçməsi məni çox qürurlandırdı. Bu onu göstərir ki, istər ona uşaqlıqdan tərbiyə verən, hər əziyyətini çəkən ailəsi, istərsə də ona ikinci ailə olan doğma ali təhsil ocağında biz müəllimlər yetişdirdiyimiz fidanlara vətən sevgisini, Vətənin sahib olduğumuz hər şeydən üstün olması fikrini aşılaya bilmişik.

Fikrimcə, əsərin sonunda Sənubərin dili ilə verilən bu “Ömrüm olduqca bircə sənə bağlayacağam ümidlərimi, təkcə sənə deyəcəyəm arzularımı. Övladım yalnız sənə “ata” deyəcək. Bu közərmiş qəlbim bir daha heç kəs üçün alovlanmayacaq. Məzarında rahat yat, sənin adına, namusuna heç zaman xələl gətiməyəcəyəm” monoloqu bütün Azərbaycan qadınlarının qeyrət salnaməsidir.

Azad Novruzov həmçinin vurğulayıb ki, “Mən Dilbər Rüstəmova kimi yetirmələri olan ali təhsil ocağının rektoru, dosenti müəllimi olaraq qürur hissi keçirirəm ki, tələbələrimiz artıq özlərini müxtəlif sahələrdə sınayır, əmək bazarının və dövrün tələbinə uyğun olaraq daim özünüinkişafla məşğul olur. İnanıram ki, bu ilk kitab Dilbərin son kitabı deyil, hələ onun oxuculara çatdıracağı sözlər, fikirlər var. Mən ömrünün və yaradıcılığınınən gözəl çağlarını yaşayan, fəaliyyəti ilə digər tələbələrimizə stimul verən magistrantımız Dilbər Rüstəmovaya həyat və yaradıcılığında uğurlar arzulayıram!”

Sonra kitabla yaxından tanış olan institutun kitabxanasının müdiri, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Aysu Rəsulzadə, Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədova çıxış edib. Çıxışlarda diqqətə çatdırılıb ki, kitabın ilk səhifəsindən başlayaraq sonuna qədər tanış olduqda görürsən ki, gənc yazıçı ilk əsəri olmasına baxmayaraq, sözlərdən, cümlələrdən, təşbeh və metaforalardan olduqca məharətlə istifadə etmiş, fikri oxucuya təbii, aydın, səlis, anlaşıqlı dildə çatdıra bilmişdir. Müəllifin öz doğulub boya başa çatdığı səfalı yerlər, uşaqlıq duyğuları, vaxtından tez itirdiyi atası haqqında yazdığı hissədə görünür ki, övladlar-xüsusən də qız övladları üçün valideynlərin varlığı nə qədər önəmlidir. Kitabda həmçinin qədim Naxçıvanın inciləri –  adı çəkilən Əshabu Kəhf və Mömünə Xatun türbəsi haqqında da məharətlə bəhs edilmiş, ətraflı məlumat verilmişdir.

Çıxışçılar bildirib ki, şəhidlər heç vaxt unudulmur. Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olan Ruhid İslamlı və Kamran Hüseynov öz qəhrəmanlıqları, mərdlikləri ilə adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Biz də öz qəhrəmanlarımızı heç bir zaman unutmayacaq, daim qəlblərimizdə yaşadacağıq!

Sonda kitabın müəllifi Dilbər Əziz qızı Rüstəmova onlar üçün yaradılan şəraitə və bu dəyərli kitabın rəyçisi olduğuna görə institutun rektoru Azad Novruzova dərin minnətdarlığını bildirib, yaradıcılığı ilə bağlı gələcək hədəflərindən danışıb.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun

mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 03.10.2023 18:32